Türk dünyasının düşmənləri daha bir qanlı terror törətdi

Terrorçular bu dəfə Türkiyənin hərbi elitasını hədəf aldı

Cəmi 4 aylıq aradan sonra Türkiyənin paytaxtı Ankara dünən növbəti dəfə qanlı terror aktına ünvan oldu. Terrorçular bu dəfə Türkiyə hərbi elitasının qərargahlarının yerləşdiyi ərazini hədəf aldı.

Türkiyə vaxtı ilə axşam saat 18.31-də Ankarada – Silahlı Qüvvələrin Baş Qərargahının binasından 300 metr uzaqlıqda, Quru Qoşunları Komandanlığı və Hərbi Hava Qüvvələrinin binalarının önündə güclü partlayış baş verdi.

Ankara valiliyindən verilən ilkin məlumatda 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilsə də, günün sonlarına doğru ölənlərin sayının 28-ə, yaralıların sayının isə 61-ə yüksəldiyi məlum oldu.

50 kiloqramlıq bomba, kamikadze-sürücü…

Yaralılar Ankaranın 14 ayrı xəstəxanasına yerləşdirildi. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə dərhal xeyli sayda polis, təhlükəsizlik qüvvələri, xilasedicilər və 32 təcili yardım maşını cəlb edildi.

Mətbuat partlayışın, içərisində 50 kiloqramlıq bomba olan "Doblo” markalı avtomobillə törədildiyi barədə məlumat yaydı. Məlumata görə, bomba hərbiçiləri daşıyan avtobuslar ərazidən keçərkən partladılıb. Sürücü-kamikadze avtomobili hərbiçiləri daşıyan avtobusun üzərinə sürüb.

Ölən və yaralananlar arasında hərbiçilərlə yanaşı, mülki vətəndaşlar da olub.

"Reuters” adını açıqlamadığı yüksək vəzifəli Türkiyə rəsmisinə istinadla bildirib ki, terroru PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyi ehtimalını da irəli sürüblər.

"Alçaq hücumdur!”

AKP hökumətinin sözçüsü Ömər Çelik partlayışın terror aktı olduğunu bəyan edərək baş verənləri alçaq hücum adlandırdı: "Terrorçular Ankaraya alçaqcasına hücum etdi. Bu hücumu lənətləyirik. Olayın vətəndaşlarımızın ən sıx olduğu bölgələrədən birində baş verməsi terrorun alçaqlığını və xainliyini bir daha ortaya qoyur”.

Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının fövqəladə iclası toplandı. Baş nazir Əhməd Davudoğlu terror aktı ilə bağlı Belçika səfərini təxirə saldığını elan etdi.

Hadisədən bir saat sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı baş verənlərlə bağlı rəsmi məlumat yaydı. Məlumatda deyilir: "Fevralın 17-də saat 18.31-də Türkiyə Silahlı Qüvvələrinin üzvlərini daşıyan nəqliyyat vasitələrinə terror hücumu olub. Alçaqca və şərəfsizcə həyata keçirilən bu terror aktını qınayırıq. Həyatını itirən qəhrəman silahdaşlarımıza, vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və böyük Türk millətinə başsağlığı veririk. Yaralı yoldaşlarımıza və vətəndaşlarımıza şəfa diləyirik”.

Baxçalı hökumətə çağırış etdi

MHP sədri Dövlət Baxçalı hökuməti terror olaylarını önləmək üçün ciddi tədbirlər görməyə çağırdı: "Terroru şiddətlə qınayırıq. Bu qanlı olaylarda həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik. Hökumət terrora qarşı bütün lazımi tədbirləri görməlidir. Insanlıqdan xəbəri olmayan terrorçular Ankaranın düz mərkəzinə – Dövlət Məhəlləsinə hücum ediblər. Amma hər kəs bilsin ki, terrorçular və onları himayə edənlər öz niyyətlərinə çata bilməyəcəklər. Türkiyə Cümhuriyyəti zalımların, insanların canına qəsd edən alçaqların oyunlarını pozacaq güc və qüvvətə sahibdir”.

Kılıçdaroğlu təcili iclas çağırdı

CHP sədri Kamal Kılıçdaroğlu da terror aktını şiddətlə qınadığını bildirərək ölənlərin yaxınlarına və Türk millətinə başsağlığı verdi. Kılıçdaroğlu partiyasının Mərkəzi Icra Aparatının fövqəladə toplantısını çağırdı.

Günün sonunda hökumətin sözçüsü Numan Kurtulmuşdan açıqlama gəldi. Həyatını itirən şəxslərin kimliklərinin hələ ki müəyyən edilmədiyini deyən Kurtulmuş qeyd etdi ki, həm hərbiçilər, həm də mülki vətəndaşlar arasında tələfat var: "Hücumu kimin təşkil etdiyinə dair hələlik heç bir məlumat yoxdur. Bu, tək hərbiçilərimizə yox, millətimizə qarşı alçaq və şərəfsizcə bir hücumdur. Hücumun arxasında kimlərin durduğunu üzə çıxaracağıq. Həyatını itirən bütün qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbir, yaralılarımıza şəfa diləyirəm. Bu hücumlar qarşısında milli birlik nümayiş etdirməliyik. Əvvəl Suruçda, sonra Ankarada və Istanbulda baş verən hücumlarla millətimizə "gözdağı” verməyə çalışırlar. Bütün vətəndaşlarımızı bu çətin günlərdə birlik-bərabərlik içində olmağa çağırıram”.

Hökumət sözçüsü baş verənlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana olan səfərini təxirə saldığını da bəyan etdi.

Ərdoğan "Səbrimiz tükənir” dedi

Ərdoğan isə terror hadisəsinə belə münasibət bildirdi:

"Verdiyimiz itkilər səbrimizi tükədir. Türkiyənin qanuni müdafiə haqqını hər zaman, hər yerdə və hər vəziyyətdə reallaşdıracağımızı bilməlidirlər. Əxlaqi və insani sərhəd tanımayan bu hücumları həyata keçirənlər və onların arxasında duran güclərlə mübarizəmizi hər gün daha qərarlı bir şəkildə davam etdirəcəyik. Terror təşkilatlarını istifadə edərək ölkəmiz və millətimizi hədəflərindən uzaqlaşdıra biləcəklərini düşünənlər, yanıldıqlarını görəcəklər. Hər şəhidimiz və qazimiz bu torpaqların əbədi vətənimiz olduğunun, bayrağımızın enməyəcəyinin, azanlarımızın susmayacağının, ölkəmizin bölünməyəcəyinin, dövlətimizin yıxılmayacağının təsdiqidir. Mübarizəmizi qərarlı şəkildə davam etdirəcəyik”.

Xatırladaq ki, ötən ilin oktyabrında da Ankarada qanlı terror aktı baş vermiş və nəticədə 100-dən çox insan həyatını itirmişdi.