Türkiyəsiz bölgədə nə stabillik, nə də iqtisadi inkişaf mümkündür

Arzuxan Əlizadə: "Rəsmi Ankara müttəfiqlərini fakt qarşısında qoyandan sonra onların PYD və YPG-ni..."

"Birinə terrorçu, digərinə siyasi təşkilat kimi yanaşmaq tamamilə yanlışdır"

Türkiyənin baş naziri Əhməd Davudoğlu fevralın 17-də axşam paytaxt Ankarada baş vermiş terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb. Belə ki, Ə.Davudoğlu terroru Suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirib.
Baş nazir deyib ki, S.Necara Türkiyə daxilindəki PKK-çılar kömək edib. Davudoğlu bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını söyləyib. Bununla yanaşı, Ə.Davudoğlu PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəklərini və onlardan konkret mövqe tələb edəcəklərini vurğulayıb.
Bütün hallarda, Türkiyədə dəhşətli terror aktı baş verdi. Bunun kürd qruplaşmalarından olan PYD tərəfindən edildiyi artıq heç kəsə sirr deyil. Göründüyü kimi, ən yüksək səviyyədə bu bəyan olundu. Son dövrlər Türkiyəyə qarşı terror təhdidinin və ölkənin təhlükəsizliyinə qarşı risqlərin ciddi şəkildə artdığını müşahidə edirik. Türkiyə daxilində PKK-nın daha öncə istifadə etmədiyi yeni taktikalara əl atması diqqət çəkir. PKK-nın yeni taktikası isə bomba yüklənmiş avtomobillərlə terror törətməkdən ibarətdir. Bəzi ekspertlərin fikrincə, PKK və onun Suriya qolu PYD-nin silahlı qanadı YPG də bu metodu mənimsəyib. Terrorun Türkiyə Hərbi Hava Qüvvələri komandanlığı binasının bilavasitə yaxınlığında baş verməsi onu göstərir ki, bunun arxasında müəyyən güclər dayanır. Onlar hər vəchlə çalışırlar ki, Türkiyənin başı daxili problemlərə qarışsın, aktiv xarici siyasət kursu yeridə bilməsin.
O da məlumdur ki, ABŞ, Avropa İttifaqı ölkələri PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ancaq bundan fərqli olaraq, PYD, YPG terrorçu təşkilat kimi tanınmır. Bu da neçə vaxtdır Türkiyəni narahat edir.
Maraqlıdır, məlum terror aktının PYD tərəfidən törədilməsinin bəyan olunması ABŞ-ın yanaşmasını dəyişə bilərmi? Ümumilikdə, bu istiqamətdə hansı işlər görülməlidir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Türkiyə müttəfiqlərini fakt qarşısında qoyandan sonra onların PYD və YPG-ni terrorçu təşkilat kimi tanımaqdan başqa çıxış yolu qalmayacaq: "Çünki Türkiyəsiz bölgədə nə stabillik, nə də iqtisadi inkişaf mümkündür. Viran qalmış Suriya və İraqın yenidən qurulması Türkiyəsiz mümkün deyil. Bunu ABŞ da yaxşı anlayır, digər Qərb dövlətləri də. Düzdür, müəyyən siyasi dairələr zaman-zaman Türkiyəni proseslərdən kənarda saxlamaq üçün müxtəlif vasitələrə əl atıb. Onlardan ən başlıcası PKK terrorunu bəsləməkdir. Belə ki, 30 ildən çoxdur Türkiyə bundan əziyyət çəkir. Müxtəlif adlar altında Suriya və İraqda fəaliyyət göstərən kürd qruplaşmalarının məqsədi Türkiyəni sıxışdırmaq və regiondakı nüfuzunu zəiflətməkdir. Birinə terrorçu, digərinə siyasi təşkilat kimi yanaşmaq tamamilə yanlışdır. İstər PYD, istərsə də YPG terror təşkilatı olaraq PKK-nın əlində bir alətdir. Ona görə də qardaş ölkə qətiyyətlə bu təşkilatların üzərinə getməlidir. Son hadisələr göstərdi ki, müəyyən beynəlxalq dairələr Türkiyəyə qarşı oyun oynayır. Ancaq Türkiyə böyük dövlət olduğu üçün, əvvəl-axır, onlar məğlub olmağa məhkumdur. Hesab edirəm ki, nə qədər ağır olsa da, Türkiyə bu çətin sınaqdan çıxacaq".
Vidadi ORDAHALLI