Üçüncü dozada peyvənd orqanizmi qorumaq gücündə olur

Avstraliyanın Yeni Cənub Uels, Avstraliya Paytaxt Ərazisi, Viktoriya və Cənubi Avstraliya ştatında koronavirus peyvəndi ilə buster doza arasında olan interval üç aya endirilib.

Qərara səbəb kimi “Omikron” ştammının yayılması göstərilib. Səlahiyyətlilərin sözlərinə görə, peyvənd həm COVID-19 simptomlarının aradan qaldırılmasında, həm də insanların təhlükəsizliyində əsas rol oynayır. Ölkənin qalan rayonları yanvarın 31-də müvafiq vaxt intervalını azaldacaq.

Maraqlıdır, peyvəndlər arasında ən optimal müddət hansıdır?

Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev deyib ki, bu, insan orqanizminə görə fərqli ola bilər:

"Bir doza ilə peyvənd alınmır, ikinci dozadan başlayır. Buna görə də əvvəlcə 2 dozalıq peyvəndin tətbiq edilməsi uyğun bilindi. Daha sonra 2 dozanın təsirsiz qaldığı şəxslər üçün bəzi ölkələrdə üçüncü dozanın tətbiqinə başlanıldı. Ölkəmizdə də artıq “buster” doza vurduran çox sayda insan var. Üçüncü dozada isə peyvənd orqanizmi qorumaq gücündə olur. Birinci və ikinci dozalar arasında ən azı 21 gün, üçüncü dozada isə bu vaxt dünyada üç və altı ay məsləhət bilinib. 3 və 6 aylıq müddət isə ölkədən ölkəyə dəyişir. Məsələn, qonşu Gürcüstanda bu, üç aydırsa, Azərbaycanda ikinci doza ilə üçüncü doza arasında altı aylıq vaxt olmalıdır”.

O bildirib ki, bu müddət ölkələrdəki yoluxma tempinə görə müəyyənləşdirilir:

“Ən düzü, hər bir insanın immun sisteminin vəziyyətindən asılıdır.Buna görə də ümumi məxrəcə uyğun vaxt muəyyənləşir ki, bu müddətlərdə də peyvənd edilməsi məqsədəuyğundur". Cebhe.info