Virusa yoluxma halları bu qədər sürətli davam edərsə...

“Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zamanı COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ÜST bunun data bazasını toplayır: “Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayı bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir”.

ÜST rəsmisi qeyd edib ki, təxminən son bir ayda yoluxma sayında sürətli şəkildə artım müşahidə olunur. “Bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır.

Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun “Delta” variantının olması təsdiqini tapıb. Yoluxma sayı da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur”, - deyə H.Harmancı əlavə edib.

Maraqlıdır, yoluxma sayının artması karantinə səbəb ola bilərmi? Gündəlik 10 min test sayı nə dərəcədə realdır? Test sayının artırılması gözlənilirmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, rəqəmlərə baxsaq, karantin qaçılmazdır:

“Virusa yoluxma halları bu qədər sürətli davam edərsə, təbii ki, karantin rejimi gözlənilir. Bu karantin rejiminə də səbəb insanların qaydalara düzgün əməl etməməsidir. Kütləvi tədbirlərdə, görüşlərdə, yaxın təmaslarda qaydalar gözlənilmir. Bu da yoluxma sayını artırır. Belə getsə, rəqəmlər artsa, karantin rejimi özünü göstərəcək”.

Həkim qeyd edib ki, gündəlik test sayını artırmaq da olar:

“Bizim rəsmi şəxslərin testlə bağlı verdiyi məlumatlara inanmaqdan başqa imkanımız yoxdur. İstəsələr, hazırda statistikada verilən say qədər də, bundan artıq da test edə bilərlər. Lakin hadisələrin bu şəkildə gedişi, təəssüf ki, yenə bizim tədrisimizdə, iqtisadiyyatımızda çox ciddi problemlər yaradacaq. Ona görə də gərək bunu hamımız dərk edək və qaydalara əməl edək”.Cebhe.info

 

Millət