Xəstəxanaların birləşməsi o vaxt xeyir verə bilər ki...

Azərbaycanda bir neçə tibb müəssisəsi birləşdirilərək yenidən təşkil edilir. “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə, “Lökbatan Tibb Mərkəzi” publik hüquqi şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona birləşməsi yolu ilə yenidən təşkil edilir.

Məlumdur ki, son zamanlar bir neçə yeni tibb müəssisəsi fəaliyyətə başlayıb, bəziləri isə birləşərək yenidən təşkil olunub. Danılmaz faktdır ki, tibb əhalinin ən çox ehtiyacı olan sahələrdən biridir. Xüsusilə də koronavirus infeksiyası ilə bağlı olaraq bu sahəyə daha çox ehtiyac yaranıb. Tibb müəssisələrində isə əsas məsələ xəstələrə keyfiyyətli xidmətin göstərilməsidir.

Maraqlıdır, hazırkı şəraitdə tibb müəssisələrinin birləşməsi tibbi xidmətin səviyyəsinə necə təsir edəcək?

“Xəstəxanaların birləşməsi o vaxt xeyir verə bilər ki, işin keyfiyyətinin yaxşılaşması üçün mütəxəssisə dəyər verilsin”
Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev bildirdi ki, hazırda bir sıra tibb müəssisəsinin birləşməsi o qədər də vacib deyil: “Əsas məsələ keyfiyyətli xidmət üçün kadrın olmasıdır. Bunun üçün də kadra qiymət vermək lazımdır. Təəssüflər olsun ki, bugün tibb işçilərinin çalışmaq üçün heç bir stimulu yoxdur. Yalnız özəl tibb müəssisələrində müəyyən stimul var. Hazırda icbari tibbi sığorta ilə bağlı problemlər var. Xəstəxanaların birləşməsi o vaxt xeyir verə bilər ki, işin keyfiyyətinin yaxşılaşması üçün mütəxəssisə dəyər verilsin. Biz avadanlıq faktorunu insan faktorundan önə çıxarırıqsa, hansı keyfiyyətdən, xidmətdən danışa bilərik”.