Yaşıllıqlar yoxdursa, oksigen yoxdur

ABŞ-da vaksinasiyadan keçənlərin tibbi maska taxmadan küçəyə çıxa biləcəkləri açıqlanıb.

Bu barədə ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzi tövsiyə məqsədli yeni koronavirus tədbirlərində deyilir.

Bildirilib ki, iki doz vaksin vurulmuş şəxslər maskasız çölə çıxa bilər, idman tədbirlərinə qatıla bilər və çox insanın olmadığı yerlərdə yemək yeyə bilərlər. Bu şəxslərin qapalı məkanlarda da maska və sosial məsafəsiz görüşə biləcəkləri ifadə edilib.

Ticarət mərkəzləri, kino, teatr və gözəllik salonlarında isə tibbi maska taxmağa davam edilməsi tövsiyə olunub.

Açıqlamada vaksinasiyadan keçməmiş şəxslərin də açıq havada gəzə biləcəkləri, qaça biləcəkləri, peyvəndlənmiş ailə üzvləri və ya dostlarla açıq havada görüşə biləcəkləri qeyd edilib.

Maraqlıdır, Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi? Açıq havada tibbi maska taxmaq qərarı ləğv oluna bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan ATU-nun dosenti, formokoloq Aydın Əliyev bildirib ki, tibbi maska taxmaq yalnız koronavirusdan deyil, digər xəstəliklərdən də qoruyur:

“Amerikadakı iqtisadi güc, Amerikanın hegemonluğu və təbii ki, Amerikaya olan ekonomik güzəştlər bizdə ola bilməz. Yalnızca dövlət tərəfindən xalqa xeyir vermək, xalq üçün maddi güzəştlər etmək inandırıcı gəlmir. Tibb işçisi olaraq maskasız gəzməyin tərəfdarı deyiləm. Bakıda hələ də küləkli hava şəraiti davam edir. Tozun miqdarı da keçmiş hava şəraitinə nəzərən 3-4 dəfə çoxdur. Maska bu gün bizə hava-su kimi lazımdır. Təkcə virusdan yox, digər xəstəliklərdən, tozlardan da qorunmaq üçün maska vacibdir. Biz hətta koronavirus pandemiyası səngiyəndən sonra belə bir neçə il maska ilə gəzsək, hesab edirəm ki, çox xeyirini görəcəyik”.

Həkim qeyd edib ki, virusdan qorunmaq üçün immun sistemin güclü olması vacibdi:

“Digər tərəfdən immun sistemimiz güclü olsa, təmiz qidalardan istifadə etsək virusdan qoruna bilərik. Xüsusilə yaşıllıqlara ehtiyac var. Bakıda toz çoxdur, bu səbəbdən də hər addımbaşı ağaclar əkilməlidir. Hətta mən belə bir təklif vermişəm ki, təzə binaları təhvil alanda Bakı Şəhərsalma və Arxitektura İdarəsi şərtlərdən birini gərək qoya ki, həyətdə, binaların ətrafında iri yaşıllıqlar salındıqdan sonra binanı qəbul edəcəyik.

Yaşıllıqlar yoxdursa, oksigen yoxdur. Oksigen yoxdursa, həyat yoxdur. Çox istərdik ki, bizdə də virus səngisin. Lakin bu xəstəlik mənbələri varsa, niyə maskadan istifadə etməyək? Ya da açıq havada tək gəzirsənsə, maskanın burun hissəsini aşağı edərək nəfəs alamaq olar. Bunlar bir az incə məsələlərdir. Məsələyə filan ölkədə var, bizdə də olsun kimi yanaşa bilmərik”.Cebhe.info

Millət