İqtisadçı alim Qubad İbadoğlu öz facebook səhifəsində DYP-nin staikiskasi ilə bağlı maraqlı təhlil aparıb.
40,2 milyon manatlıq cərimə iqtisadiyyatı
1 cəzaya görə 28 manat 96 qəpik
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin
yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1 milyon 387 min
800 və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çox inzibati
xəta aşkarlanıb. Bu o deməkdir ki, cari ilin ilk ayınıda hər gün
yol-hərəkəti qaydaları əleyhinə orta hesabla 7625, hər ay orta hesabla
231 min 300 inzibati xəta cəriməsi yazılıb. Xətaların 51,8 faizi yolda
müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,7 faizi dayanma və
ya durma qaydalarının pozulması, 5,0 faizi yol nişanlarının və ya
yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi,
4,4 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə
olunması, 4,3 faizi yol ayrıcını keçmə, qalan hissəsi isə digər səbəblər
üzrə aşkarlanmışdır.
Bununla əlaqədar iki məqama diqqət çəkmək istərdim.
Birinci, açıqlanmış məlumatdan bəlli olur ki, qaydaların pozulmasına
görə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib. Beləliklə də
orta hesabla 1 cəzaya görə 28 manat 96 qəpik cərimə şamil olunub.
Məlumat üçün qeyd edim ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20
km/saat həddində aşmağa görə 10 manat, sürəti 21-40 km/saat həddində
aşmağa görə 50 manat, sürəti 41-60 km/saat həddində aşmağa görə 150
manat, sürəti 61 km/saat həddindən artıq aşmağa görə 250 manat, dayanma
və ya durma qaydalarını pozmağa görə ən azı 20 manat, yol nişanlarının
və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət
edilməməsinə görə 40 manat, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat
vasitəsini idarə etməyə görə də 40 manat cərimə tətbiq edilir. Əgər
orta cərimə məbləği 29 manat 96 qəpik edirsə, belə qənaətə gəlmək olar
ki, yol hərəkətinin ağır pozuntu halları az qeydə alınıb, demək olar
ki, cərimələr əsasən yolda hərəkət sürətinin 10-20 km/saat həddində
aşmasına görə yazılıb.
Diqqət çəkmək istədiyim ikinci məqam isə
ondan ibarətdir ki, görəsən hesablanmış 40,2 milyon manat cərimənin
hansı hissəsi ödənilib və nə qədəri borc olaraq qallr. Mararlı
məsələlərdən biri də ödənilmiş məbləğlərin rəsmiləşdirilməsi ilə
bağlıdır.
Nəhayət, 3-cü məqam ondan ibarətdir ki, hesabatda yer
almayan son 2 ayda yol-hərəkəti qaydalarının pozuntu halları daha da
artıb. Belə ki, bu günlərdə açıqlanmış digər məlumata görə, avqust
ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə
yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin
sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın qayda pozuntusu
aşkarlanıb. Belə olan halda avqust ayında gündə orta hesabla 9666 və
ya bu ilin ilk 6 ayının orta günlük göstəricisindən 26,7 faiz çox
inizibati cərimə protokolu yazılıb. Maraqlıdır ki, avtomobilin sərxoş
vəziyyətdə idarə edilməsi ilə bağlı avqustda gündə 50 sürücü
cərimələnib. Bu hesabla bu ilin ilk ayında 9100 sərxoş sürücü ilin
ilk 6 ayında ən azı 3 milyon 640 min cərimə ödənilməli idi. Nədənsə 6
aylıq hesabatda sərxoş sürücülərdən bəhs olunmur. Görünür ki, ya ilun
ilk 6 ayında sərxoş sürücülər olmayıb, yaxud ələ keçməyib, ya
sərxoşluq mövsümi amillərlə bağlıdır, ya da sərxoş vəziyyətdə avtomobili
idarəetmə üçün yüksək cərimə məbləği qeyd olunduğuna görə onlar
qeydiyyat düşmürlər.