“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır” – bu sözləri 2020-ci il noyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində bildirib.
Deməli, “Kommunikasiya xətlərinin açılması” deyəndə Azərbaycanın işğaldan azad və Rusiya hərbi kontingentinin nəzarətində olan digər yollar, məsələn, Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa, eləcə də Tərtər-Suqovuşan-Ağdərə-Kəlbəcər avtomobil yollarının da ölkəmizin vətəndaşları üçün açılması nəzərdə tutulur. Bəs Zəngəzur dəhlizinin açılması sözügedən yolların da asanlıqla açılmasına şərait yaradacaqmı?
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP lideri Etibar Məmmmədov bunları söyləyib:
“Aydındır ki, Zəngəzur dəhlizinin açılması məsələsi 10 Noyabr sazişində nəzərdə tutulub. Yəni orada göstərilir ki, regiondakı bütün kommunikasiya xətləri açılmalıdır. Təbii ki, bölgədə ən güclü və vacib kommunikasiya xətti də məhz Megridən keçən quru, dəmir yolları və s. xətləridir. Çünki o, bütün Zaqafqaziyanın qan damarıdır. Vaxtilə Ermənistanın bütün yükdaşımalarının 86 faizi həmin xətdən keçirdi. Və yadınızdadırsa, o zaman milli azadlıq hərəkatı dövründə biz Azərbaycan tərəfdən Megriyə keçən quru və dəmir yol xətlərini bağlayaraq Ermənistanı blokadaya salanda bütün SSRİ rəhbərliyi, Moskva bizdən xahiş edirdi ki, həmin yolu açaq. Yəni Zəngəzur dəhlizi qəsbkar qonşumuz üçün bu dərəcədə vacibdir. Ona görə də Avropa İttifaqı Ermənistanı blokadadan çıxarmaq üçün yeni təşəbbüslə çıxış edərək Gürcüstan vasitəsilə yeni xətt açılması və həmin xəttin İrana birləşdirilməsi, beləliklə də Şərq-Qərb dəhlizinin də İrandan keçməsini təklif edir. Ancaq bu, istənilən halda xeyli ziddiyyətə gətirib çıxaracaq. Yəni Amerika İrandan tranzit keçidinə razılıq verməyəcək. Və eyni zamanda Gürcüstanın da yeni xətt açılması üçün imkanları yoxdur. Çünki Gürcüstanın digər çıxışı yalnız dəmiryolla Abxaziya vasitəsi ilədir ki, onunla da düşmən vəziyyətində olduğu üçün bu baş tutmayacaq. Çünki Rusiya da buna imkan verməyəcək. Odur ki, bütün hallarda yenə də Azərbaycanın mövqeləri üstünlük təşkil edəcək. Ona görə də Zəngəzur dəhlizinin və digər kommunikasiya xətlərinin açılması əvvəl-axır ölkəmizin mövqelərinin güclənməsi deməkdir və bu da Yuxarı Qarabağdakı Xankəndi, Xocalı və s. ərazilərimizin nəzarət altına alınmasına imkan, şərait yaradan bir faktor olacaq. Yəni, təbii ki, kommunikasiya xətləri açılırsa, hamısı sərbəst açılmalıdır. Və bu da o deməkdir ki, o yolların hamısı Azərbaycanın nəzarətində olacaq”.