ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkədə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. O, belə bir açıqlama ilə “Fox News” telekanalının efirində çıxış edib. Ağ Evin keçmiş başçısı jurnalistin bu barədə qərar verib-verməməsi barədə sualına “bəli”, - cavabını verib. Tramp hər hansı təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, Donald Tramp 4 il müddətində ABŞ prezidenti olub və 2020-ci ilin noyabrında keçirilən seçkilərdə Co Baydenə uduzub. Amerika tarixçiləri Trampı ölkənin bütün tarixi ərzində ən pis prezidentlərdən biri adlandırıblar. Tarixçilər onun mənəvi keyfiyyətlərini və inzibati bacarığını xüsusilə aşağı qiymətləndiriblər.
D.Trampın ölkəsində nüfuzu onun yenidən seçilməsinə imkan verirmi? Hakimiyyətə qayıtması mümkünmü?
Siyasi ekspert Əli Orucov bildirdi ki, sabiq prezident Donald Trampın prezidentlik dövründə yürütdüyü siyasət və atdığı addımlar ABŞ-ın beynəlxalq nüfuzuna və etibarına ciddi xələl gətirdi. Hətta vəziyyət o dərəcədə tünd xarakter aldı ki, Birləşmiş Ştatların NATO və qərbli müttəfiqləri arasında münasibətlər soyudu. Ticari və iqtisadi savaşlara start verildi. Yaxud da Suriya və YPG kürd terrorçularına dəstək kimi məsələlərə görə ən yaxın müttəfiqi olan Türkiyə ilə əlaqələr qırılma nöqtəsinə gəldi: “İranla nüvə razılaşmasından çıxması, Qüdsü İsrailin paytaxtı elan etməsi və s. kimi yanlışlıqları ilə ABŞ İslam dünyasında da nüfuzunu itirdi. Elə son prezident seçkilərindən sonra seçkinin saxta keçirilməsini elan etməsi demokratiya və demokratiyaya olan inamı sarsıtdı və avtoritar rejimlərin əlinə bəhanə verdi. Bu baxımdan zənn etmirəm ki, Donald Trampı Amerika xalqı yenidən prezident seçsin. Əgər xalqın ona etimadı qalsaydı onu ikinci dəfə də bu kürsüdə saxlayardı. Yenidən ABŞ prezidenti postunun Donald Tramp kimi avantürist siyasət yürüdən və xətt götürən birisinə verilməsi mümkünsüz görünür”. “Yeni Müsavat”