15 sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi idi

Sentyabrın 15-də Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi ilə bağlı paytaxtımızda parad keçiriləcək.

Xatırladaq ki, 15 sentyabr tarixinin paradla anılması ilk hadisədir.

Bununla bağlı Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov bu qərarı alqışladığını vurğuladı:

"Mən bu qərarı yüksək qiymətləndirirəm. 15 sentyabr Azərbaycan tarixində dönüş nöqtəsi idi.
I Dünya müharibəsi zamanı Rusiyanın tərkibində olan qoşun hissələri tərxis olunmuşdu. Bu hissələr başlı-başına buraxılmışdı. Onların içərisində çoxlu sayda silahlı erməni dəstələri var idi. Onlar tədricən Zaqafqaziyada yer əldə etmək üçün kütləvi qırğınlar təşkil edirdilər. Onların əsas hədəflərindən biri də Bakı idi. Rus-bolşevik qüvvələri ilə birləşən ermənilər Bakıya nəzarəti ələ keçirmişdilər. Onlar Bakıda da xalqımıza qarşı böyük qırğınlar təşkil etmişdilər. Bu qırğınların davam etməsi, Bakının erməni şəhərinə çevrilməsi ehtimalı böyük idi. Belə bir zamanda Nuru Paşanın rəhbərliyi ilə türk ordusunun Bakının xilasına başlaması mühüm rol oynadı. Azərbaycan əsgərləri ilə birlikdə türk ordusunun həyata keçirdiyi bu əməliyyat həm gələcək paytaxtımızın milliləşməsi, həm də ermənilərin törətdiyi qətliyamların qarşısının alınması baxımından atılan böyük bir addım oldu. 15 sentyabrda Bakı düşməndən azad edildi. Paytaxtın Bakıya köçürülməsi üçün zəmin yarandı.
Hesab edirəm ki, bu tarix hər zaman qeyd edilməlidir”.