3-4 iyul 1992-ci ildə Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasından sonra ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası Milli Azadlıq Hərəkatının öndəri olan Etibar Məmmədovun rəhbərliyi ilə 1-ci Qurultayda təsis edildi. Qısa zaman kəsiyində partiya 17 iyulda rəsmi qeydiyyatdan keçəndən sonra ölkənin ilk partiyası olmaqla yanaşı, bütün mənalarda da birinci partiya oldu. AMİP ölkə siyasətini və gündəmini dəyişən, cəmiyyətə geniş nüfuz edən bir gücə çevrildi. Məmməd Araz, Xəlil Rza Ulutürk, İsi Məlikzadə (əziz ruhları qarşısında baş əyirəm-Ə.O), Elçin, Eldar İsmayılov kimi görkəmli şəxsiyyətlər, elm, incəsənət, mədəniyyət adamları, tanınmış ziyalılar, ictimai- siyasi xadimlər, yenicə kövrək addımlarını atmaqda olan milli burjuaziyanın nümayəndələri. bir sözlə cəmiyyətin bütün kəsimi bu partiyada yumuq kimi, birləşdi, dostlaşdı və qardaşlaşdı. Partiyaya axın o qədr kütləvi idi ki, bunu bir qədər səngitmək üçün partiya müəyyən məhdudiyyətlər və pilləli qəbul şərtləri tətbiq etmək məcburiyyətində qaldı. İnsanlar AMİP-ə inanc və güvənc yeri kimi baxırdılar. İndi də eynən. AMİP yenicə müstəqilliyini qazanan gənc dövlətimizin siyasi kadrlarla təmin olunmasında müstəsna rol oynayan bir universitet oldu.
Dövlət və ordu quruculuğu, yeni siyasi-ictimai münasibətlərin formalaşdırılması, demokratik dəyərlərin bərqərar olunmasında əvəzssiz, təmənnasız işlər gördü. Həm ön cəbhədə düşmənə qarşı, həm arxada kommunizm tör-töküntülərinə, pozuculara, təxribatçılara qarşı döyüşdü. Qədimdən gələn dövlətçilik və milli ənənəlirimizin mühafizə edilməsində böyük çabalar göstərdi. Hətta 4 iyun hadisələri zamanı iqtidarda olan Elçibəy hökümətində bütün yetkililər, dövlət ərkanı bir qiyamçı polkovnikin hədələrindən ölkəni və milləti müdafiəsiz qoyub qaçanda sinəsini qabağa verən də məhz AMİP oldu. AMİP düşmənlərimizə öz çirkin niyyətlərini həyata keçirməyə fürsət vermədi.
AMİP Azərbaycanda siyasi mübarizə, siyasi etika ənənəsi formalaşdırdı. Novatorluq, yeniliklər gətirdi. Özündən razı, məğlub edilməz rəqiblər AMİP qarşısında məğlub duruma düşdülər. 1998-ci il prezident seçkilərinin uğuru, əldə olunan nəticələr hətta bizə dost deyənləri də heyrətə saldı. Biz qalib gəlməyin yollarını və üsullarını, hər kəsə göstərə bildik.
Fədakar AMİP-çilər illər uzunu ən çox sağdan və soldan zərbələrə, hücumlara məruz qalsalar da, mərhumiyyətlərlə, təzyiqlərlə üzləşsələr də, əksinə mübarizələrdə daha da möhkəmləndilər, mətinləşdilər.
AMİP dünyanın ən nüfuzlu və böyük birliklərindən olan Beynəlxalq Demokrat İttifaqının üzvü olmaqla Azərbaycanın maraqlarını burada 1997-ci ildən peşəkarcasına və vətənpərvərcəsinə müdafiə edir.
Bu gün AMİP yenə də mücadilələrin önündədir. Çoxminli üzvlərini özündə birləşdirən bu təşkilat möhtəşəm və sarsılmaz AMİP ailəsi halına gəlib. Fəxri Lideri Etibar Məmmədovun mökhəm və sağlam təməl üzərində qurduğu AMİP öz təməl prinsiplərinin, məramnaməsinin və proqramının həyata keçirilməsi üçün məqsəd deyil vasitə kimi baxdığı siyasi mübarizəsini qətiyyətlə davam etdirir. Bu gün təkcə AMİP-in günü deyil, həm də Azərbaycanın, Azərbaycan xalqının günüdür. Əlamətdar gününüz mübarək!