"20 Yanvar hadisələri SSRİ-nin dağılmasında çox mühüm rol oynadı"

İstiqlalçı deputat, AMİP lideri Etibar Məmmədov uzun müddətdir ki, aktiv siyasətlə məşğul olmur və mətbuatla da ünsiyyətə həvəs göstərmir. "Yeni Müsavat” qəzeti üçün ondan müsahibə almağımız da asan olmadı. Milli azadlıq hərəkatının tanınmış simalarından olan E.Məmmədovun mövcud durumla bağlı özəl düşüncələrini öyrənmək istəsək də, AMİP lideri daxili siyasi proseslər haqqında danışmaq istəmədiyini bildirib müsahibədən imtina edirdi. Ancaq sonda cəhdlərimiz nəticə verdi...(davamı)
 
- Bu, rəsmi Bakının ehtiyatlı davranışının nəticəsi oldu?


- Nədən irəli gəlirsə-gəlsin, mən bunu düzgün saymıram. Ancaq bu cür cinayətlərin müddəti olmur. Həmin cəza tədbirləri də olmalıdır.

- Siz də o proseslərin iştirakçısı və zərərçəkəni olaraq imza toplanışına başlayıb beynəlxalq müstəvidə dava aça bilməzdinizmi?

- Bir dəfə Avropa Parlamentinin üzvü, Litvanın dövlət başçısı Vitautas Landsbergis mənə bir məsləhət gördü. Dedi bunun bir yolu da var, sən öz dövlətini məhkəməyə verə bilərsən ki, sənin dövlətinə qarşı olan cinayəti təqib etməyib və o şəkildə məsələni qaldırmaq olar. Dedim öz dövlətini beynəlxalq məhkəməyə vermək mənə başucalığı gətirməz və bunu düzgün yol saymıram. O cür məsələlərdə dövlət öz nüfuzunu yüksək tutmaq üçün öz prinsiplərindən geri durmamalıdır. Yəni bu, millətə qarşı olan cinayət idi, həmin cinayətin də iştirakçılarının tam cəzasız qalması və cinayət işinin də sonadək davam etdirilməməsi xoşagələn bir şey deyil.

- Hələ ki, Qorbaçov sağkən məsələni qaldırmaq olar...

- Mən hələ bilmirəm ki, Qorbaçova qarşı cinayət işi qaldırılıb, ya yox? Qaldırılıbsa da, onun məsuliyyətə cəlb olunması üçün hansısa ölkələrə tələb göndərilib, ya yox?

- 20 yanvar hadisəsini siz necə qiymətləndirirsiniz?

- Şübhəsiz ki, bu, bizim milli tariximizdə qəhrəmanlıq səhifəsiydi. Bunu başqa şəkildə qələmə verməyə, faciə, cinayət kimi, orda iştirak edənləri "aldadılmış insanlar”, "günahsız qurbanlar”, "şüursuz insanlar” kimi də təqdim etməyə çalışdılar. Ancaq o hadisə millətin ümumi milli şüurunun çox yüksək bir göstəricisi və çox böyük milli özünütəşkil nümunəsiydi. Həm müqavimətin özünün təşkil olunması, həmçinin qırğından sonra şəhidlərin dəfninin təşkili milli özünütəşkilin çox yüksək nümunə idi. Həmin hadisələrin fonunda 40 günlük yas mərasiminin olması, ümummilli tətilin həyata keçirilməsi və demək olar ki, ümumi bir idarəçilik mərkəzi olmadan millətin ayrı-ayrı nümayəndə və təşkilatların həmin tətili təşkil etməsi və həyata keçirməsi özünütəşkilin ən yüksək nümunəsi idi. 20 Yanvar hadisələri SSRİ-nin dağılmasında çox mühüm rol oynadı.

- O zaman həbs olundunuz və Lefortovadan azad olunmağınız üçün 1 milyon imza toplandı. Allah eləməmiş, bu gün belə bir hadisə təkrarlanarsa, Etibar Məmmədov üçün 1 milyon imza verən tapılarmı?

"Məhkəməmdə cəmi bir nəfər vardı, o da qorxusundan əsirdi, hamıya yalvarırdı ki, mən kiminsə əleyhinə ifadə verməmişəm”

- Mən belə hesab eləmirəm ki, onlar şəxsən Etibar Məmmədovun imzaları idi. O zaman mənim adım bir simvola çevrilmişdi. Həmin imzalar millətin dara düşmüş bir qəhrəmanını müdafiə xarakteri daşıyırdı və millətin müqavimət xarakterini göstərirdi. Mən olmazdım, bir başqası olardı. O zaman bütün həbs olunanlar müdafiə olunurdu. Onların içərisində adına ən çox imza toplanan mən olsam da, ümumilikdə həmin hadisələrdən sonra millət heç kəsin həbs olunmasına, həbsdə qalmasına və cəza almasına imkan vermədi. Yəni həmin hadisələrdən sonra üç gün tez, beş gün gec hamı azad olundu. Millətin xarakterindəki dəyişikliyə aid başqa bir nümunəni də deyim. 1988-ci ilin dekabr hadisələrindən sonra 1989-cu ildə istintaq getmişdi, çoxlu tutulanlar var idi - Nemət Pənahlı, Əbülfəz bəy, Hatəmi kimi bir çoxları həbs olunmuşdu. Onların cinayət işlərinin bir çoxu ilə tanış olmuşdum, görürdüm ki, onların əleyhinə çoxlu ifadə verənlər var. Ancaq 90-cı il hadisələrindən sonrakı cinayət işində şəxsən mənim əleyhimə bir nəfər də ifadə verən yox idi.

O cümlədən başqalarının da əleyhinə ifadələr olmadı. Bu, millətin xarakterində olan ciddi bir dəyişiklik idi ki, istintaqı aparanlar, bizə hücum edənlər işğalçı qüvvənin nümayəndələri hesab olunurdu, onlarla əməkdaşlıq vətənə, millətə xəyanət sayılırdı. Ona görə heç kim ifadə vermək istəmirdi. Məhkəmədə cəmi bir nəfər vardı, o da qorxusundan əsirdi, hamıya yalvarırdı ki, mən kiminsə əleyhinə ifadə verməmişəm, sadəcə hadisə haqda danışmışam. Bu, çox mühüm göstəriciydi. İndi də xarici düşmənə qarşı olan müqavimət hissi millətin daxilində var. Əgər elə bir təhlükə olarsa, həmin hiss yenə üzə çıxacaq. Mən buna tam əminəm və əminliklə də deyirəm ki, əgər Azərbaycana qarşı kimsə işğalçılıq iddiasında olarsa, o, çox ciddi müqavimətlə rastlaşacaq. Öz daxilində olan bütün qarşıdurmalara, siyasi fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan xalqının xarici işğlaçıya qarşı mövqeyi həmişə sərt olub, bundan sonra da sərt olacaq.

- Azərbaycana qarşı 20 Yanvar ssenariləri yenə də hazırlana bilərmi?

- Biz indiki şəraitdə də görürük ki, belə cəhdlər var. Başqa ölkələrin, müstəqil dövlətlərin timsalında da bunu görürük. Müxtəlif ağlasığmaz bəhanələrlə həmin cəhdlər olur. Biz də onlardan kənarda qala bilmərik. Odur ki, bizim dövlət orqanlarının, dövlətimizin və hər birimizin vəzifəsi ondan ibarətdir ki, buna bəhanə verməyək. Bəhanə olmadığı halda, hətta bu hadisələr baş verəcəyi təqdirdə isə həmişə müqavimətə hazır olaq.

- Həmin hadisələrin iştirakçısı, meydan qəhrəmanı Nemət Pənahlı və digər siyasilərin həbsdə olması ilə bağlı nələri demək istərdiniz. Hakimiyyətə məhbuslarla bağlı hansısa müraciətiniz varmı?


- Belə düşünürəm ki, Neməti azad etməyin vaxtı çatıb. Yəni onun cəzası lazım olduğundan bir az çox uzanıb. Onun xidmətləri də, ailə vəziyyəti də nəzərə alınmalıdır. Arzu edərdim ki, tezliklə azadlığa çıxsın, öz ailəsinə qovuşsun. Digərlərinə gəldikdə, mən ümumiyyətlə, cinayət işi qaldırılsa da, məhkəməyə qədər kiminsə həbs olunmasının əleyhinəyəm. Əgər həmin adam ictimai təhlükə törətmirsə, başqalarının həyatına təhlükə yaratmırsa, həmin müstəntiqlər bir savadlarını artırmalıdırlar və sübut etməlidirlər ki, kiminsə nədəsə günahı var. Yoxsa içəri salıb sonra kiminsə günahını sübut etməyi düzgün saymıram. Təbii ki, məhkəmənin qərarına əsasən kimsə cəzasını alırsa, o halda cəzasını çəkməlidir.

- Rəhmətlik Sirus Təbrizli deyirdi ki, siz də mütəmadi idmanla məşğul olursunuz. Hətta bir dəfə ayağınızı möhkəm əzdiyinizi deyirdi. Davam edirsiniz?

- Hə, davam edirəm. İdmanda olur da, əl də əzilir, ayaq da. (gülür) Əsasən üzgüçülüklə məşğul oluram.

- Siz də buzlu suda üzməyi xoşlayırsınız?

- Yox, mənim buzlu su ilə aram yoxdur. O, əvvəldən buzlu suya öyrəşmişdi. Yaxud başı üstə dayanırdı. Mənsə məşğul olmuram, bu, çox ciddi riskdir. Rəhmətlik çox sağlam adam idi, sağlam da yaşayırdı. Təəssüf ki, birdən-birə həmin hadisə baş verdi. Deyilənə görə trombla əlaqəli olub. Orqanizm xüsusən yaşlaşandan sonra daim nəzarətdə saxlamaq lazımdır. Risk faktorlarını artırmaq olmaz...