"AMİP parlament seçkilərində iştirak edəcək, amma..."

Elşən Mustafayev: "Yarandığı dövrdən bu günə kimi AMİP yalnız bir dəfə parlament seçkilərinə blok şəklində qatılıb"

"Əks halda, seçkilərdə tək iştirak etməyi, amma..."

Azərbaycan Milli İstiqlal Partiyası yenidən müttəfiq axtarışına çıxıb. Partiyanın sədri Yusif Bağırzadə açıqlamasında bildirib ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn parlament seçkilərində iştirak edəcək, ancaq hələlik seçkilərə tək və ya hansısa partiya ilə birgə getmək barədə qərar qəbul edilməyib. Onun sözlərinə görə, hazırda bəzi siyasi təşkilatlarla danışıqlar gedir:
"Biz özümüz siyasi təşkilat olaraq tək də gedə bilərik. 2010-cu ildə də biz müxalifət partiyalarına müraciət etdik, ancaq əfsuslar olsun ki, siyasi müxalifət düşərgəsində qruplaşma da düzgün getmir. Prezident seçkiləri öncəsi də müxalifət olaraq vahid cəbhədən çıxış edə bilmədik".

Y.Bağırzadə qeyd edib ki, müxalifət seçkilərə blok şəklində getsə, daha yaxşı olar: "İstərdik blok şəklində gedək, ancaq siyasi partiyalar arasında təmərküzləşmə getmir, bloklar özünü doğrultmur. Formatdan asılı olmayaraq, hər halda seçkilərə gedəcəyik".

Partiya sədri əlavə edib ki, son vaxtlar siyasi partiyalar arasında sağçılıq, solçuluq meylləri özünü daha çox büruzə verib: "Misal üçün, biz mərkəzçi partiyayıq, əlbəttə, istəyərik ki, mərkəzçi partiyalarla bir yerdə gedək. Təbii ki, müəyyən təkliflər var, amma hələlik konkret qərar yoxdur".

Onun sözlərinə görə, əvvəllər sağçılarla sol düşüncəli partiyalar birləşdilər, lakin o da öz effektini vermədi: "Hətta sağçıların arasında da ayrı-ayrı fikirlər var. Bəziləri radikaldır, bəziləri seçki yoluna, bəziləri mitinqlərə üstünlük verir. Biz isə ancaq seçki yoluna üstünlük veririk. Bu, partiyanın nizamnaməsində də öz əksini tapıb. Müxalifət partiyalarının baxışlarında fərqlər mövcuddur. Ona görə də bəzən seçkilərə tək getmək siyasi partiya üçün daha asan olur, daha çevik qərar verə bilir, daha aktiv hərəkət edə, namizədlərini daha çox səfərbər edə bilir".

Görünən budur ki, Azərbaycanın klassik partiyalarından sayılan AMİP-in ya müttəfiq seçmək sarıdan bəxti gətirmir, ya da bu partiya başqa qurumlarla əməkdaşlıqda maraqlı deyil. Bu belədirmi?

Sözügedən partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, AMİP parlament seçkilərində iştirak edəcək, amma həqiqətən də hələ məlum deyil ki, bu, hansı şəkildə və hansı formatda olacaq: "Bu o demək deyil ki, partiya bu istiqamətdə digər partiyalarla əməkdaşlıq etməkdən imtina edir, yaxud kimlərsə bizimlə əməkdaşlıqdan imtina edir. Yarandığı dövrdən bu günə kimi AMİP yalnız bir dəfə parlament seçkilərinə blok şəklində qatılıb. Xatırlayırsınızsa, bu, "YES" bloku idi. Digər seçkilərdə isə tək iştirak edib. Ümumiyyətlə, bütün seçkilərdə partiya bir çox partiyalarla əməkdaşlıq edib. Bu əməkdaşlıq şəffaf seçki mühitinin yaradılması, seçkilərin müşahidə olunması, demokratik seçki keçirilməsi uğrunda birgə işləmək və s. istiqamətində olub. Builki parlament seçkilərinə gəlincə, birincisi, düşünürəm ki, indidən hər hansı seçki koalisiyasının və ya blokunun yaradılması həm seçki mühitinə, həm də siyasi partiyaların xarakterinə görə hələ tezdir. İkincisi, yaranacaq koalisiya və ya bloklar birləşmək görüntüsü yaratmaq naminə olmamalıdır.

Çünki bir çox hallarda fərqli siyasi ideya daşıyıcaları olan siyasi partiyaların birliyi hətta seçki gününə çatmadan çat verir, seçkidən dərhal sonra isə dağılır. Münasibətlər bir sıra hallarda hətta düşmənçilik həddinə çatır.

Biz belə seçki birliklərinin, koalisiyalarının yaranmasını və orada təmsil olunmağımızı məqbul hesab etmirik. Amma partiyaya uğur gətirə biləcək, perspektivini görəcəyimiz hər hansı birlik layihəsində təmsil olunmağı düşünmək olar.
Əks halda, seçkilərdə tək iştirak etməyi, amma digər partiyalarla da dediyim sahələrdə əməkdaşlığı üstün sayırıq".