Azərbaycanda SSRİ-nin dağılması ərəfəsində başlayan milli azadlıq hərəkatının liderlərindən biri və müstəqillik illərinin müəyyən dövründə də aktiv siyasi fəaliyyətlə məşğul olmuş Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov Modern.az saytına müsahibə verib.
- Qarşıdan 20 Yanvar hadisələrinin ildönümü gəlir. Bu hadisə ilə bağlı olan bir məqam diqqətimizi çəkir. Bu, sizin də iştirakınız ilə Moskvada böyük mətbuat konfransı keçiriləndən sonra həbs edilib Lefortovo həbsxanasına aparılmağınızdır. Siz həbsxanada olan müddətdə özünüzün vəkil seçimini Rüstəm İbrahimbəyova həvalə etdiyinizi bildirmisiniz. Niyə məhz Rüstəm İbrahimbəyovu seçmişdiniz?
- 1990-cı ilin yanvar hadisələrindən sonra Moskvada mətbuat konfransı keçirildi və Azərbaycanın üzləşdiyi problemlər dünya ictimaiyyətinə çatdırıldı. SSRİ-nin və beynəlxalq aləmin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri həmin mətbuat konfransında iştirak edirdi. O zaman beynəlxalq ictimaiyyət Bakıda baş verən hadisələr haqqında tam olaraq məlumatsız idi. SSRİ rəhbərliyi Azərbaycanı informasiya blokadasında saxlayırdı. Mətbuat blokadasını yaran yeganə bir xətt "Azadlıq” radiosu idi. Mirzə Xəzər Azərbaycan dilli auditoriyaya baş verən hadisələr barədə danışırdı. Ancaq bilavasitə yanvar hadisələrinin iştirakçılarının dilindən məlumat əldə edilməmişdi. Ona görə o zaman qərara gəldim ki, SSRİ-də dünyaya çıxış üçün yeganə informasiya pəncərəsi olan Moskvaya gedim.
Moskvadakı Azərbaycan nümayəndəliyində xarici və yerli jurnalistlərin iştirakı ilə böyük mətbuat konfransı keçirildi. Bakıda baş verən hadisələr haqqında təfərrüatı ilə danışdım. Bildirdim ki, Bakıya hərbi qüvvələr yeritməklə və kütləvi qırğın törətməklə Azərbaycan xalqına qarşı hərbi cinayət işlənib. Xalqın tələbi SSRİ qoşunlarının Bakıdan çıxarılması və komendant saatının ləğv edilməsidir.
Mətbuat konfransından sonra SSRİ rəhbərliyində olan şəxslərdən mənə telefon zəngləri gəldi. Mənə danışıqlar, Bakıdan qoşunların nə cür çıxarılmasının müzakirəsi təklif olundu. Danışıqlar gedəndə məlum oldu ki, Azərbaycan nümayəndəliyi tam mühasirəyə alınıb. Bu zaman mənə oxşayan bir gənci saxlamışdılar, lakin onun Etibar Məmmədov olmadığı bilinəndən sonra sərbəst buraxmışdılar. Çox gərgin bir vəziyyət yaranmışdı. Belə bir zamanda Heydər Əliyev nümayəndəliyə gələrək mənimlə görüşdü və Bakıdakı vəziyyət haqqında təfərrüatlı məlumat istədi. Ayrılanda ehtiyatlı olmağı məsləhət gördü. Axşam SSRİ xalq deputatı olan Rüstəm İbrahimbəyov yanıma gəlib təklif etdi ki, həmin binadan çıxım. Onun toxunulmazlıq statusu olduğundan rahatlıqla yanıma gələ bilmişdi. Təklif elədi ki, onun evində qalım. Çünki Rüstəm İbrahimbəyovun evinin də toxunulmazlıq statusu var idi. Ona təşəkkürümü bildirdim və dedim ki, elə bir gərgin vəziyyət yaranıb ki, buna görə özünü və ailəsini təhlükə altına atmasın. Elə həmin gecə Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa” qrupu Azərbaycan nümayəndəliyinə hücum edib binanı darmadağın etdi. Hamını bir zala yığdılar, məni axtardıqlarını bildirdilər. Mən isə Azərbaycan nümayəndəliyinin rəhbərinin müavinin kabinetində idim. Məni oradan Lefortovo həbsxanasına apardılar.
Həbs ediləndən sonra Moskvada yaşayan yüksək statuslu nümayəndə kimi, vəkil seçiminin Rüstəm İbrahimbəyov vasitəsi ilə həyata keçrilməsini istədim.
- Sizin əvvəldən Rüstəm İbrahimbəyovla münasibətləriniz var idi, yoxsa elə həmin hadisə ərəfəsində onunla tanış oldunuz?
- Bu hadisələrə qədər Rüstəm İbrahimbəyovla şəxsi tanışlığım yox idi. O, məni xəbərdar etmək üçün Rəsul Quliyevlə Azərbaycan nümayəndəliyinə gəlmişdi. Mən Rəsul Quliyevi şəxsən tanıyırdım. Rüstəm İbrahimbəyovu birinci dəfə həmin vaxt gördüm. Rüstəm İbrahimbəyov Azərbaycanda baş verən hadisələrə biganə qalmamışdı.
- İndi necə, Rüstəm İbrahimbəyovla hər hansı əlaqələriniz varmı?
- Xeyr. Uzun müddətdir onunla əlaqəm yoxdur.
- 20 Yanvar, eləcə də Xocalı qətliamı ilə bağlı məsuliyyət bölgüsü məsələsində AXC şinelindən çıxmış şəxslərlə keçmiş prezident Ayaz Mütəllibov arasında mətbuat səhifələrində demək olar ki, hər il gərgin polemikalar gedir. Qarşılıqlı ittihamlar səslənir və heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir. Buna görə də konkret nəticə yoxdur. Sizə elə gəlmir ki, neçə illərdir davam edən ittihamlar öz yerini barışığa, qarşılıqlı anlaşmaya verməlidir?
- Mənim Ayaz Mütəllibova qarşı heç bir düşmən münasibətim yoxdur. Sadəcə, həmişə onun tərəfdarı olmuşam ki, hər hansı fəaliyyətə görə insanlar öz üzərlərinə məsuliyyət götürməyi bacarmalıdırlar. Hakimiyyətdə olduğu vaxtlarda hansı hadisələr baş veribsə, onlar buna görə vəzifə məsuliyyəti daşıyır. Hər bir şəxs məsuliyyət daşıdığını etiraf etməlidir. Bundan sonra onun günahının olub-olmadığı müəyyənləşməlidir. Məsuliyyət və günah ayrı-ayrı anlayışlardır. Bu insanlar isə məsuliyyətlərindən imtina edirlər. 1990-cı il 20 yanvar ərəfəsində düşmənə kömək edən, ona yol göstərən şəxslər müəyyən olunmalıdır. Bundan sonra onların nə dərəcədə günahkar olub-olmaması qanunla müəyyənləşməlidir. Mən kütləvi repressiyanın tərəfdarı deyiləm, amma həqiqətlər ortaya çıxmalıdır. 25 il keçib, hələ də məsuliyyəti olan şəxslər ortaya çıxıb təqsirlərini etiraf etmirlər.
- 1990-cı il yanvarın 13-də qanlı hadisələr baş verib. Bu hadisələrin, erməni əhalinin öldürülməsi ilə bağlı təxribatların olacağını hiss etmişdinizmi? Nəzərə alaq ki, sizin həmin vaxt kütlə qarşısında çıxışınız olub və Lefertovoda saxlanılarkən bu çıxışınız istintaq materiallarına əlavə olunub...
- Bu, Dövlət Təhlükəsizlik Komitəsinin işi idi. Bu cür təxribatların olacağı haqqında bizdə əvvəlcədən məlumat var idi. Yanvar ayının 11-də Azərbaycanın daxili işlər naziri Aydın Məmmədovun kabinetində, SSRİ daxili işlər nazirinin müavini Lisauskas ilə görüşmüşəm. Ona məlumat verdim ki, bu cür təxribat hazırlanır...
- Siz təxribatların olacağını haradan bilirdiniz?
- Bizə bununla bağlı məlumatlar verilirdi. O zaman Dövlət Təhlükəsizlik Komitəsində də, daxili işlər orqanlarında da millətini sevən kifayət qədər vəzifəlilər vardı. Onlar bizə məlumat verirdilər, hətta təxribatların qarşısının alınması yollarını da göstərirdilər. Yanvarın 13-dəki çıxışım əleyhimə istifadə oluna bilmədi. Təəssüf ki, SSRİ dövründə əleyhimə qaldırılan cinayət işi üzrə bəraəti yalnız 1994-cü ildə ala bildim. 1992-ci ildə hakimiyyətə yeni qüvvələr gəlsə də, onların rəhbərlik etdiyi məhkəmədə mən işə yenidən baxılmasına nail ola bilmədim. 1993-cü ilin sonunda, 1994-cü ilin əvvəlində Milli Məclisdə 20 Yanvara siyasi qiymət verilməsi ilə bağlı müzakirələr gedərkən Heydər Əliyev mənə də müraciət etdi ki, bu məsələlər ətrafında fikirlərimi bildirim. Dedim ki, hələ fikir bildirə bilmərəm, çünki hələ də ittiham olunan şəxsəm. Dedim ki, fikirlərim qərəzli, yaxud özünə bəraət xarakteri daşıya bilər. Bundan sonra,1994-cü ilin yanvar-fevral aylarında yenidən məhkəmə prosesi keçirildi. Mənə və bir neçə şəxsə bəraət verildi.
- Xalq hərəkatının içərisindən çıxan Etibar Məmmədov 1992-ci ildə keçirilən prezident seçkisində dövlət başçısı olmaq üçün mübarizəyə qoşulur və sonradan namizədliyini geri götürür. Sizin prezident seçkilərinin gedişində birdən-birə fikrinizi dəyişməyinizin səbəbi nə idi?
- Həmin vaxt Azərbaycanda qarışıq və gərgin bir şərait idi və prezident seçkiləri də belə bir vəziyyətdə keçirilirdi. Prezident seçkiləri ərəfəsində Azərbaycanın ən mühüm strateji əraziləri olan Şuşa və Laçın işğal olundu. Müharibənin gedişində çox kritik bir vəziyyət yaranmışdı. Dedim ki, belə şəraitdə qüvvələri seçkilərə sərf etmək Azərbaycanın mənafelərinə o qədər də uyğun deyil. Buna görə də prezident seçkisi prosesində iştirak etməmək qərarına gəldim. Bütün qüvvələrin Azərbaycanın müdafiəsi istiqamətində səfərbər olunmasına zərurət yarandığını bildirdim.
- Belə iddialar var ki, AXC hakimiyyəti illərində prezident Əbülfəz Elçibəylə Etibar Məmmədov arasında sizin baş nazir təyin olunmağınızla bağlı danışıqlar olub. Lakin danışıqlar məhz əməli müstəvidə reallaşmayanda isə AMİP Elçibəy hakimiyyətinə müxalifətdə yer alıb...
- Tamamilə cəfəngiyat və iftira xarakterli iddialardır. Özlərini yenilikçi, müasir, müstəqillik tərəfdarı adlandıran insanlar Ayaz Mütəllibovun devrilməsindən sonra öz keçmiş hərəkat yoldaşları ilə deyil, Kommunist Partiyasının nümayəndələri ilə hakimiyyəti böldülər.
1992-ci il mayın 14-də Ayaz Mütəllibovun təyin etdiyi baş nazir Rəhim Hüseynovu vəzifədə saxladılar. Hakimiyyət bölgüsünə, öz hərəkat yoldaşları ilə deyil, mübarizə apardıqları əks qüvvə ilə getdilər. Bunu edən insanların sonradan kimisə nədəsə ittiham etməyə heç bir ixtiyarı yoxdur.
- Səmimi danışaq, AXC hakimiyyəti illərində sizə vəzifə təklif olunubmu?
- Xeyr! Heç bir vəzifə təklifi müzakirə olunmayıb. Yalnız 1993-cü il iyun ayının 16-da Əbülfəz bəy mənə baş nazir vəzifəsi təklif edib. Təklif Heydər Əliyevlə birlikdə müzakirə olunub, ayın 17-də isə axşam Əbülfəz Elçibəy Bakıdan getdi.
- Siz 1992-ci il prezident seçkisindən kənara çəkiləndən sonra, həmin dövr və ondan sonrakı vaxtlarda Azərbaycanın siyasi həyatında mühüm rol oynayan, ölkədə ilk dəfə çoxpartiyalı sistemin əsasını qoyan Milli İstiqlal Partiyasını yaratdınız. AMİP böyük bir kütləni öz arxasınca apara bildi. Amma 2003-cü il prezident seçkisindən sonra siyasətdən getdiyinizi bəyan etdiniz. Birdən-birə bu addımı atmağınızın arxasında nə dayanırdı?
- Dünya praktikasında partiya liderlərinin müəyyən vaxt siyasətdə olduğunu, müvəffəqiyyət qazandığını, məğlubiyyətlə üzləşdiyini müşahidə etmək olar. Uğursuzluq olduğu zamanlarda isə hamı məsuliyyəti öz üzərinə götürür. Birinci şəxs həmişə məsuliyyəti öz üzərinə götürməlidir. Bu baxımdan dünya praktikasında mövcud olan bir addımı mən də atdım. AMİP yenilikçi bir təşkilatdır, ona görə də Azərbaycanda da bu praktikanın tətbiq olunmağa başlamasını istədim. Yəni heç kəs oturduğu postdan ikiəlli yapışıb, oradan zorla qoparılmasın. Mənim AMİP sədrliyindən getməyim bir nümunə idi. AMİP yarandığı gündən onsuz da, bir çox ilklərin müəllifi olub. Mən də siyasətdən çəkilməyi və digərlərinə yol açmağı qərara aldım.
- Sizin dediklərinizdən belə başa düşdüm ki, siyasətdən getməyinizin əsas səbəbi, 2003-cü ildə keçirilən prezident seçkisindəki məğlubiyyətinizlə əlaqədar idi. Amma siz 1998-ci il prezident seçkisinin nəticələrinə görə də məğlub idiniz, maraqlıdır, niyə görə həmin vaxt siyasətdən getmədiniz?
-1998-ci ilin prezident seçkisinin nəticələri indiyə qədər çap olunmayıb. Azərbaycanda birinci dəfə idi ki, kəskin rəqabətli prezident seçkiləri keçirilirdi. Bir çox çatışmazlıqlar olsa da, bir epoxa dəyişikliyinin baş verməsi prosesi gözlənilirdi. 2003-cü ildə Azərbaycanın müstəqilliyinin 10 ildən artıq tarixi var idi. Artıq Azərbaycanın dövlət kimi formalaşması prosesi düz müstəviyə çıxmışdı. Amma 2000-ci ilə qədər Azərbaycanın həyatında təhlükəli məqamlar gözənilə bilərdi. 2001-ci ilin sentyabrın 11-də Amerikadakı terror və başqa hadisələrdən sonra müstəqil dövlətlərin qorunması artıq beynəlxalq zərurətə çevrildi. Azərbaycana mövcud təhlükələrin səviyyəsi isə minimuma endirildi. Bu baxımdan, 2003-cü ildə daha çox daxili siyasi qüvvələrin yerləşməsində və bölünməsində dəyişikliyə ehtiyac var idi. Buna görə də bir nümunə göstərdim ki, başqaları da bunun ardınca eyni addımı atsınlar. Təəssüf ki, bunu edən olmadı.
- Siyasətdən getdiyinizi deyirsiniz, lakin Beynəlxalq Demokratlar İttifaqının sədr müavinisiniz. Bu, paradoks deyilmi?
- Yox burada heç bir paradoks yoxdur. AMİP sədrliyindən gedəndən sonra mənə çoxsaylı xahişlər edildi ki, siyasətdən tamamilə kənarlaşmayım və heç olmasa partiyanın fəxri lideri statusunda qalım. Həmin beynəlxalq təşkilatda da Azərbaycanı təmsil etmək baxımından qərara gəldim ki, orada sədr müavini vəzifəsində olum. Bunun heç kəsə ziyanı yoxdur. Mən onsuz da daxili siyasi proseslərə müdaxilə etmirəm. Amma beynəlxalq miqyasda Azərbaycanın Beynəlxalq Demokratlar İttifaqında təmsil olunmasına ehtiyac var və bunun heç nəyə zərəri yoxdur.
- Belə fikirlər səslənir ki, Etibar Məmmədov siyasətə qayıtsa, Azərbaycan siyasi mənzərəsində bir canlanma olar. Yəni, sizin siyasətə gəlişinizi istəyənlər var. Etibar Məmmədov bundan sonra siyasət aləminə qayıdacaqmı?
- Təbii ki, bunu istəyənlər çoxdur. Amma istəməyənlər də var. Hətta bu xəbəri eşidəndə çox qıcıqlananlar da olur. Mən isə hələ siyasətə qayıdışıma bir zərurət görmürəm, ona görə də bunu müzakirə etməyi də lazım bilmirəm.
- Azərbaycanda ildən-ilə müxalifətin gücünün zəiflədiyini müşahidə etmək olar. Müxalifətin zəif olmasının səbəblərini nədə görürsünüz?
- Bunun səbəbləri çoxdur. Deyirlər ki, müxalifətin sosial bazası yoxdur, amma Azərbaycanda sosial bazanı ölçən meyarlar hələ müəyyənləşməyib. Sosial bazanın ən düzgün göstəricisi normal seçkilərdir. Təəssüf ki, bizdə seçkilər lazımi səviyyədə keçirilmir. Azərbaycanın bir dövlət kimi qarşısında duran vəzifə güclü seçki islahatlarının aparılmasıdır. Bununla güclü seçki sistemi yaratmaq olar. Bu, çətindir, lakin zəruridir. Buna görə də sosial bazanın müəyyənləşməsi məsələsi bir qədər sual altındadır. Həm də çox şey əhalinin siyasi fəallığından asılıdır. Azərbaycan əhalisinin siyasi fəallığı bizə lazım olan səviyyədə deyil. Siyasi partiyaların olması dövlət üçün vacib şərtdir. Hökumətdə olanların bir çoxu bunun vacibliyini lazım olan səviyyədə başa düşmür. Bir çoxları isə müstəqil siyasi qüvvələrin formalaşmasına mane olur. Belə vəziyyətdə partiyaların normal fəaliyyət cəhdləri dövlət strukturlarının müqaviməti ilə rastlaşır. Buna görə də siyasi partiyalar qüvvələrinin çoxunu əhaliyə öz fikirlərini, mövqelərini çatdırmaq əvəzinə özünü müdafiə etməyə, mövcudluğunu qorumağa sərf edir. Belə şəraitdə kimisə özünə cəlb etmək çox müşkül məsələdir.
- Ekspertlər və bəzi siyasətçilər belə hesab edir ki, müxalifətin zəif olmasının səbəblərindən biri də liderlərin bir-birinə güzəştə gedə bilməməsidir. Bu fikir doğrudurmu?
- Bu da səbəblərdən biridir. Amma hər şeyi bir səbəblə məhdudlaşdırmaq olmaz. İnsanların siyasi proseslərdən uzaqlaşmasına partiya liderlərinin mətbuat vasitəsi ilə bir-birinə qarşı qara yaxmaları, gözdən salmaq cəhdləri təsir edir. Təbii ki, yüz ləkə atılanda, hamısı yapışmasa da, bir-ikisinin kölgəsi qalır. Bu, xoşagəlməyən amildir.
- AMİP də hazırda müxalifətdədir və etiraf edək ki, fəxri lideri olduğunuz bu partiya əvvəlki illərə nisbətən elə də güclü dayaqlara malik deyil. Yaratdığınız partiyanın zəif olmasına səbəb nədir?
- AMİP Azərbaycandan kənar bir mühitdə fəaliyyət göstərmir. Ümumiyyətlə, Azərbaycanda güclü partiya yoxdur. Hətta deyərdim ki, Azərbaycanda partiya sistemi çökmək üzrədir. Hakim partiya da bura daxildir. Mən bunu narahatlıqla müşahidə edirəm. Dövlət özü partiyaların inkişaf etməsinin marağında olmalıdır. Daxildə partiyaların inkişafı üçün şərait yaradılmalıdır ki, sonra onların xarici kəşfiyyat tərəfindən ələ alınması ilə bağlı ittihamlar səslənməsin. Partiyaların xarici dövlətdən maliyyə almaması üçün dövlət özü tədbir görməlidir. Dövlət kənarda dayanmaq şərti ilə normal mətbuatın və partiyanın formalaşmasına kömək etməlidir. Hökumət siyasi partiyaların maliyyələşməsini qərara alıb. Amma elə bir forma tapıblar ki, həmin maliyyə ancaq parlamentdə təmsil olunan partiyalara verilir. Parlamentdən kənarda olan partiyalar isə həmin maliyyələşmə sistemində vəsait ala bilmirlər. Normal, münbit şərait yaradılmalıdır ki, onların da içərisindən yeni gənc liderlər, mütəxəssislər çıxsın. Hakimiyyətdə olanların özləri bəzən narahatlıq keçirirlər ki, bizdə hansısa sahədə irəliləyiş yoxdur. Ona görə ki, vəzifədə olan şəxslər başqasının irəli çıxmasında maraqlı deyillər.
- AMİP-in zəifləməsinin sizin partiyadan və siyasətdən getməyinizlə bir əlaqəsi varmı?
- Bu da səbəblərdən biridir. Amma mən əsas səbəbləri də sadaladım.
- Parlamentdən söz düşmüşkən, bu il Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyi düşünürsünüzmü?
- Hələlik elə bir qərara gəlməmişəm.
- AMİP-də kifayət qədər tanınmış insanlar olub və sonradan bu təşkilatın sıralarını tərk ediblər. Bu gün onlarla şəxsi münasibətləriniz varmı?
- Hökumətdə kifayət qədər bizdən gedən kadr var. Gedənlərlə münasibətimizdə düşmənçilik yoxdur.
- Dövlətə xəyanətdə ittiham edilən Rauf Mirqədirovla yaxın münasibətləriniz olub. Rauf Mirqədirov həbs ediləndən sonra, onunla görüşmüsünüzmü?
- Xeyr, mən onun yanına getməmişəm. Bizim nümayəndəmiz Fuad Ağayev onun yanına gedir, baş çəkir. Mən Rauf Mirqədirovun Azərbaycan əleyhinə hər hansı fəaliyyət göstərməsinə inanmıram. Ümid edirəm ki, onun təqsirsiz olduğu sübut olunacaq.
- Milli azadlıq hərəkatının aparıcı şəxslərindən biri olduğunuz vaxtlarda Qarabağ münaqişəsi alovlandı və nəticədə torpaqlarımızın bir hissəsini itirdik. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir irəliləyiş əldə olunmayıb. Vaxtilə Qarabağın azad olunması istiqamətində mübarizə aparan bir persona kimi aparılan danışıqlar prosesini necə dəyərləndirirsiniz?
- Danışıqlar Qarabağ probleminin həlli ilə bağlı heç bir nəticə verməyib və verməsi də gözlənilmir Danışıqlar köhnə vəziyyətin davamıdır. Çünki heç bir irəliləyiş yoxdur. Ancaq Azərbaycan ordusu güclənir, inkişaf edir, yeganə irəliləyiş budur. Danışıqların aparıldığı format Azərbaycanın əleyhinədir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistanın dostu və müttəfiqi, qoruyucusu funksiyasını tarixən öz üzərlərinə götürüblər. Azərbaycanın isə Qarabağ məsələsində Türkiyədən başqa müttəfiqi yoxdur.
Zənnimcə, Azərbaycan Silahlı Qüvvələri münaqişənin hərbi yolla həllinə qadirdir. Biz ümummilli bir ideyanın ətrafında birləşməliyik. Qarabağ məsələsi ətrafında hamının fikri bir olmalıdır. Azərbaycan münaqişənin hərbi həllinə həmişə hazır olmalıdır.
- Belə də deyirlər ki, Kremlin layihəsi olan Avrasiya İqtisadi İttifaqına Azərbaycan üzv olarsa, Qarabağ probleminin həllində dönüş nöqtəsi yarana bilər...
- Belə şey ola bilməz. Azərbaycan öz müstəqilliyinin atributlarını hansısa bir quruma verməməlidir.
- Azərbaycan dövlət rəsmiləri bəyan edir ki, rəsmi Bakı ikitərəfli əlaqələrin qurulmasına önəm verir. Lakin bəzi qüvvələr Azərbaycan hakimiyyət nümayəndələrinin dediyi ikitərəfli əlaqələrin tərəzisinin gözünün Qərbə tərəf əyilməsini istəyir. İndiki geopolitik şərtlərdə Azərbaycanın yürütdüyü strateji siyasi xəttə münasibətiniz necədir?
- Azərbaycanın hazırda Qərblə münasibətləri çox gərginləşib. Bu, bizi çox narahat edən faktordur. Azərbaycan iki böyük qüvvənin arasında hansısa tərəfə yönlənməməlidir. Amma Rusiya ilə də münasibətləri saxlamaq şərti ilə, Qərbə qarşı aparılan kampaniya dayandırılmalıdır. "Qərb Azərbaycanın daxili işlərinə qarışır” arqumentini aradan götürmək üçün Azərbaycan hökuməti öz daxilində ciddi islahatlar aparmalıdır. Qarşıdurma, düşmən axtarmaq siyasətindən bir az kənara çəkilmək və daxildə iqtisadi və siyasi sahədə yumşalmaya getmək lazımdır. Qərbin Azərbaycana qarşı bəhanələrini aradan qaldırmaq üçün müəyyən dəyişikliklərin olması vacibdir.
- Hazırda bölgə üçün yeni təhlükəli tendensiyanın yarandığı vurğulanır. Bunun əyani şahidi də olmaq olar, məsələn, Azərbaycan vətəndaşları ekstremist qüvvələrin tərkibində döyüşmək üçün Suriyaya gedir və onların hər biri potensial terror mənbəyidir. Bu mənada, Azərbaycana qarşı dini təhlükə haqqında fikirləriniz nədir?
- Bu gün Azərbaycana qarşı din pərdəsi altında müəyyən təhlükələr var. Azərbaycan üçün dini qruplaşmaların təhlükələri günü-gündən çoxalır. Bunlar hamısı da kənardan idarə edilir. Təəssüf ki, bizim gəncləri də çox fəal şəkildə özlərinə cəlb edə bilirlər. Bu təhlükələr getdikcə güclənir. Bunları aradan qaldırmaq üçün Azərbaycanda siyasi mühiti sərbəstləşdirməkdir. Siyasət olmayan yerdə, dini dalğa bu boşluğu dolduracaq.
Aqşin KƏRİMOV