-Əli bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir, AMİP-in seçkiyə hazırlıq prosesi necə gedir?
-Bələdiyyə seçkilərinə artıq start verilib. AMİP bu seçkiyə fəal başladı. Hələ ilin əvvəllərində keçirilən Mərkəzi Şuranın toplantısında bələdiyyə seçkilərinə xüsusi yer ayrılmış, bununla bağlı müvafiq qərarlar və tapşırıqlar verilmişdir. Seçkilərə rəsmən start verilməmişdən öncə isə partiyanın rayon təşkilatlarını əhatə edən regional müşavirələr keçirilmişdir. Həmin müşavirələrdə partiyanın sədri Yusif Bağırzadə olmaqla partiya yetkililəri də iştirak etmişlər. Burada məqsəd həm rəhbərliklə təmasların artırılması, həm vəziyyətlə yerində, tanışlıq, həm də müvafiq təlimatların və tapşırıqların birbaşa çatdırılması idi. Eyni zamanda yerli təşkilatların, partiya üzvlərinin, həmçinin də, əhalinin bələdiyyə seçkilərinə münasibətini, hazırlıq işlərinin vəziyyətini öyrənmək idi. Yerlərdəki vəziyyətlə tanışlıq atılacaq sonrakı addımların dərindən təhlil edilməsi baxımından çox vacib idi. Məhz bunun nəticəsi idi ki, seçkilər başlanandan partiya ilk mərhələni uğurla keçdi. Namizədlərin topladıqları imzalarda və onların qeydiyyatında hər hansı bir cidd problem yaşanmadı. Hakimiyyətin özü də belə bir problem yaratmadı. İlkin mərhələdə iqtidar verdiyi sözü tutaraq seçki prosesinə müdaxilə etmədi, sərbəstlik və münbit şərait yaratdı. Əslində bu davranış iqtidara da sərf etdiyindən, hər hansı kobud qanun pozuntularına əl atılmadı.
Qabaqda isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası gəlir. Doğrudur, bələdiyyələrə və bələdiyyə seçkilərinə maraq az olduğundan həm namizədlərin irəli sürülməsi, həm də əhalinin prosesə fəal qoşulması xeyli enerji itkisi deməkdir. Təbliğat-təşviqat kampaniyasının da bu baxımdan asan keçməyəcəyi düşüncəsindəyəm.
-AMİP-dən fərqli olaraq bir çox müxalifət partiyaları seçki prosesindən kənarda qaldı. Sizcə, siyasi partiyanın ölkədə keçirilən bu və ya digər seçkidən kənarda qalması nə dərəcədə normaldır?
-Seçkilər demokratiyanın əlifbasıdır. Əlifbanı öyrənmədən və bunu diqqətə almadan hansısa demokratik uğura imza atılması inanılmazdır. Bütün problemin həlli də məhz seçkilərdən birbaşa asılıdır. Xalqın iradısinə, seçicinin rəyinə əsaslanmadan uğur qazanmaq, qarşıya qoyulan hədəflərə çatmaq mümkün deyil. AMİP Azərbaycanda hakimiyyətə demokratik yolla gəlmək iradəsini ortaya qoyan ilk siyasi təşkilatdır. Bu partiya hesab edib ki, ölkədə köklü dəyişiklərə və demokratik dəyərlərin inkişafına gedən yol məhz seçkilərdən keçir. Ona görə də AMİP ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak edib və uğurlara da imza atıb. Azərbaycanda seçki təcrübəsi AMİP qədər zəngin olan ikinci partiya tanımıram.
Seçkilərdə iştirak etməyən siyasi təşkilatlar hər şeydən əvvəl özlərini tədric vəziyyətə salır. Müxalifətin təbliğat imkanlarının və xüsusən elektron KİV-lərə çıxışının məhdudluğunu, eləcə də əhali ilə birbaşa təmasların yaranmasının çətinliyini nəzərə alaraq seçki kampaniyası ən əlverişli fürsətdir. Ən vacibi isə, bələdiyyə seçkiləri partiyaların həmişə formada olması üçün məşq və mübarizə meydanıdır. Ancaq seçkilər vasitəsi ilə partiyanın gücünü, nüfuzunu, onun cəmiyyətdəki mövqeyini, stabil elektoratını müəyyənləşdirmək mümkündür. Eyni zamanda buraxılan səhvlərin, yanlışlıqların zəif tərəflərin aşkarlanması da məhz seçkilər vasitəsi ilə ortaya çıxarılır. Bunlar isə həm cəmiyyətin, həm də partiyanın dinamik inkişafına müstəsna xidmət göstərən amillərdir.
Doğrudur, Azərbaycanda keçirilən seçkilərdə yuxarda
sadaladığım məsələləri həyata keçirmək alınmır. Çünki seçkilərə hakimiyyətin
kobud müdaxiləsi, saxtalaşdırma, seçicilərin inamsızlığı real nəticələrə öz mənfi
təsirini göstərir. Amma nəzrə almaq lazımdır ki, ölkədə demokratik mühitin
yaradılması həm də müxalifətin üzərinə düşür. Gözləmək lazım deyil ki, kimsə gəlib
bizim yerimizə demokratik və şəffaf seçki keçirəcək. Yaxud da, bunu hakimiyyətin
ümidinə buraxmaq də sadəlövhlük olardı. Seçkilərə nə qədər seçicinin cəlb edilməsi
bir o qədər də saxtakarlıq hallarının qarşısını alınmasını asanlaşdırar. Seçkidən
kənarda qalmaq, yaxud da baykot çıxış yolu deyil, əksinə hakimiyyətə geniş
imkan yaratmaqdır. Təcrübə də sübut etdib ki, seçkilərdən kənarda qalan
partiyalar öz gücünü və nüfuzunu günbəgün itirir, sıraları seyrəkləşir.
-Müsavatda
baş verənlər sizcə, bu partiyanı hara aparır? -Müsavatda baş verənləri bu partiyanın daxili işi
hesab edirəm. Müsavatçılardan fərqli olaraq biz digər partiyanın daxilində gedən
proseslərə müdaxiləni etik hesab etmirik. Halbuki Müsavat əlinə düşən fürsəti nəinki
qaçırmayıb, hətta, açıq-aşıkar körükləyib də. Amma bir vətəndaş olaraq kənardan
seyr edəndə bu partiyanın daxilində heç hər şeyin öz axarında getmədiyini görmək
mümkündür. Düşünürəm ki, Müsavat partiyası xüsusən də seçki məsələsində və
seçkidədən sonra daxili narazılıqların yatırılmasında mövcud iqtidar kimi
davranmamlıydı. Bütün bu olanlardan sonra onlar kimə və necə sübut edəcəklər
ki, onların iqtidardan müsbət mənada fəqri var? Mən Azərbaycan müxalifət düşərgəsinin
daha da zəifləməsini istəməzdim. Ancaq mənim istəyimdən asılı olmayaraq Müsavat
Partiyasına narazılğın və tamam çökmənin, bu patiyanın tamam sıradan çıxmasının
qarşısının alınması artıq bu partiyanın imkanları xaricindədir. Amma hakimiyyət
müəyyən məsələləri, o cümlədən müxalifətdaxili məsələləri nəzrə alaraq Müsavat
Partiyasının bütünlükdə iflasına və dağılmasına imkan verməyəcək.