"Belə təmaslar gələcək üçün normal münasibətin əsasını qoya bilər"

Əli Orucov: "Bunlar olmayanda nəticə silaha gəlib çıxır"

"Xaricdəkilərlə daxildəkilərin bu yöndə hansısa razılaşmaya gəlməsi və bunun son görüşlə bağlı verilən qiymətdə əks olunması..."

Dekabrın 13-də bir neçə müxalifət partiyasının hakimiyyət təmsilçisi, PA-nın şöbə müdiri Əli Həsənovla dialoqu baş tutdu. Görüşə təşəbbüs müxalifət tərəfindən edilmişdi. Ancaq maraqlıdır ki, bəzi müxalifət partiyaları bu görüşə qatılmaqdan imtina edib.

Bu azmış kimi, görüşdə iştirak edən partiyaları da çiddi tənqid edirlər. Onların qənaətinə görə, baş tutan görüşü dialoq saymaq olmaz. Hətta belə ifadələr də işlədilir: "Onlar gedib Əli Həsənovun mühazirəsinə qulaq asıblar".

Hakim partiyanın təmsilçiləri də görüşü yüksək qiymətləndirir. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə belə görüşlərin faydalılıq əmsalının çox olduğunu bildirir: "İqtidar partiyası bir daha nümayiş etdirdi ki, cəmiyyətin bütün təbəqələrilə fikir mübadiləsinə açıqdır. Bu istiqamətdə mövzu qadağası yoxdur. Azərbaycanda müxtəlif fikirliyin, fərqli düşüncənin fəaliyyət göstərməsi üçün iqtidar maksimum şərait yaradıb. Müxalifət partiyaları fəaliyyət göstərir, qəzetləri çıxır. Cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları qorunur. Seçkilərdə hər bir partiya iştirak edərək potensialını göstərir. Vaxtaşırı partiyaların Dəyirmi Masa arxasına yığışaraq fikir mübadiləsi etmək təklifləri səslənir. Bu təklifə iqtidar müsbət yanaşdı və ona uyğun olaraq bu görüş keçirildi. Hesab edirəm ki, belə görüşlərin vaxtaşırı keçirilməsi ümumilikdə siyasi proseslərə müsbət təsir edən məsələdir. İqtidar bir daha sübut etdi ki, üzərinə düşən məsuliyyət yükünü həmişə daşımağa hazırdır".

İqtidar-müxalifət dialoqunun əleyhinə olan partiyaların xaricdən təlimatalma ehtimalı nə qədərdir?

Görüşdə iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, baş tutan görüşə pis münasibətlə yanaşan qurumların açıqlaması ilə o da tanışdır. Müsahibimiz Azərbaycanda hər şeyin radikal müstəvidə cərəyan etməsini istəyən qüvvələrin olduğunu da istisna etmədi: "Ancaq bu olduqca zərərli bir tendensiyadır. Belə təmaslar gələcək üçün normal münasibətin əsasını qoya bilər. İndiyə qədər qarşılıqlı inkarçılıqla nəyə nail olmuşuq? Bu xəttin davam etdirilməsi heç bir perspektiv vəd etmir. Mən istisna etmirəm ki, belə gərginliyin davam etməsini istəyən qüvvələr də az deyil. Xaricdəkilərlə daxildəkilərin bu yöndə hansısa razılaşmaya gəlməsi və bunun son görüşlə bağlı verilən qiymətdə əks olunması barədə konkret nəsə deyə bilmərəm. Bu olduqca ağır ittiham olar. Amma vətəndaş həmrəyliyinə aparan yola tənqidi yanaşmaq da müəyyən şübhələrin yaranmasına əsas vermiş olur. Təəssüflər olsun ki, bəzi partiyalar siyasi müstəvidə düşmənçilik mövqeyinə üstünlük verir. Hər halda, mövcud olan problemləri biz yalnız danışıqlar yolu ilə həll edə bilərik. Bunlar olmayanda nəticə silaha gəlib çıxır. Biz bu yolu dəstəkləyə bilmərik".