"Döyüşü qazanmaq üçün silah-sursatdan daha vacibi döyüşçülərin psixoloji və ideoloji hazırlığıdır"

Mirzahid Hacıyev, 10 avqust 1961-ci ildə Ağstafanın Həsənsu kəndində anadan olub. 1979-1981-ci illərdə Sovet Ordusunun sıralarında Əfqanıstanda xidmət edib. Əfqan döyüşçüsü olan M.Hacıyev Milli Ordumuzun formalaşmasında da yaxından iştirak edib. O, Qazax və Ağstafa rayonlarının düşmənlə sərhəd kəndlərinin erməni işğalçılarından müdafiəsində Milli Ordunun tərkibində keçmiş Əfqan döyüşçülərindən ibarət kəşfiyyat-əməliyyat qrupunu təşkil etmiş və həmin qrupun rəhbəri olmuşdur. Hazırda Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədridır. M.Hacıyev eyni zamanda AMİP Ağstafa Rayon Təşkilatına rəhbərlik edir.

M. Hacıyev təkcə silahla deyil, Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında aparılan mübarizədə aktiv iştirak etmiş, öz vətəndaşlıq mövqeyini çəkinmədən ortaya qoyub. 22 aprel 1989-cu ildən AXC Ağstafa Rayon Şöbəsinin yaranmasında fəal iştirak edən M.Hacıyevin sonrakı siyasi fəaliyyəti AMİP-lə bağlı olub. O, 1992-ci ildə AMİP-in Ağstafa Rayon Təşkilatının qurucularındadır.

M.Hacıyev ictimai fəal kimi də rayonda gənclərin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində xüsusu rol oynayır. Bu mənada onu tez-tez rayonda keçirilən bütün tədbirlərdə görmək mümkündür. Mirzahid bəylə görüşüb təcrübəli keçmiş hərbçi və fəal ictimai-siyasi xadim kimi bir sıra gündəmin aktual mövzularına aid fikirlərini öyrənməyi zəruri saydıq.

Onunla söhbətimiz çox maraqlı alındı. Mirzahid bəy söhbətə elə hərbi hissələrdə, şəxsi heyətin ideoloji və pisxoloji hazırlığının daha da yüksəldilməsi ilə bağlı məsələlərdən başladı. Təcrübəli döyüşçü fikirlərini belə davam etdirir:"Hər bir döyüşü qazanmaq üçün silah-sursatdan daha vacibi döyüşçülərin psixoloji və ideoloji hazırlığı, qələbəyə əmin olmağıdır. Tarixdə çox təsadüf edilib ki, kəmiyyət deyil, keyfiyyət qalib gəlib. Döyüş hazırlığı və döyüş ruhu yüksək olan ordular basılmaz olur. Fəxrlə deyə bilərəm ki, Milli Ordumuzda bu keyfiyyətlərə önəm verilir və hərbçilərimiz hərtərəfli hazırlıq səviyyəsinə gətirilib. Hər bir təcrübəli hərbçinin bir nömrəli işi ondan ibarət olmalıdır ki, öz təcrübəsini paylaşsın, əlindən gələni ordumuz üçün əsirgəməsin”.

M.Hacıyev xüsusi olaraq vurğuladı ki:"Gənclərdə hərbi vətənpərvərlik və milli hissləri orta təhsil müəsissələrindən aşılamaq lazımdır. Belə olanda gənc hərbi qulluğa öznü hazır hiss edir və özünə güvənli olur. Bu da orduda nadir hallarda təsadüf edən neqativ halların qarşısını almış olur. Mən müxtəli tədbirlərdə və görüşlərdə müasir Azərbaycan gəncinin Vətəninə, Dövlətinə Millətinə və Ordusuna inamının və hədsiz sevgisinin şahidi oluram ki, bu da sevindirici haldır”.

Söhbət əsnasında Azərbaycandakı siyasi proseslərə toxunan M.Hacıyev bunları qeyd etdi: "Bu gün hər bir azərbaycanlını düşündürən yeganə problem torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpasıdır. 12 noyabrda Azərbaycan səması üzərində uçan erməni silahlı qüvvələrinə məxsus helikopterin vurulmasından sonra cəmiyyətdəki həmrəylik onu deməyə əsas yaratdı ki, xalqımız bu məsələdə yekdildir. Bu həm də qələbəyə inamımızı daha da artırır. Sayıqlığımızı itirməməliyik. Bizim müxtəlif məsələlərdə hakimiyyətlə fikir ayrılğımız ola bilər. Amma biz daxildə bir-birimizlə düşmən ola bilmərik. Biz dövlətimizin arxasında, millətimizin yanında, düşmənin qarşısında olmalıyıq.”

Qarşıdan gələn bələdiyyə seçkilərdində iştirakın vacibliyini söyləyən Mirzahid bəy, artıq özünün 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən Həsənsu kənd bələdiyyəsinə namizədlyinin qeydə alındığını dedi. Onun fikrincə, bələdiyyə ən vacib demokratik institutlardan biridir və yeganə qurumdur ki, əhali ilə birbaşa təmasda olur. Mən də həmişə canlı ünsiyyətə üstünlük vermişəm və cəmiyyət üçün faydalı olmağa çalışmışam”.