"Faydasız görüşlərdən və dialoqlardan, nəticəsiz müzakirələrdən birdəfəlik qurtulmaq lazımdır”

Qarabağ münaqişəsinin həlli istiqamətində yürüdülən diplomatik sürəcdə ATƏT-in Minsk Qrupunun fiaskoya uğraması bu quruma etimadı daha da azaldıb.

Artıq neçə müddətdir ki, həmsədrlərin Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi səyləri də müşahidə olunmur. Amma deyəsən, həmsədrlər yenidən aktivləşmək qərarına gəliblər. "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istəyimiz ondan ibarətdir ki, danışıqlar bərpa olunsun. Çalışacağıq ki, tərəflər arasında etimad tədbirlərini gücləndirək”. Bu sözləri apa-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib. Onun sözlərinə görə, istər şəxslər, istərsə də dövlətlərarası bütün münaqişələrdə bir faktor əsas götürülür: "Barışıq o halda mümkündür ki, tərəflər barışmaq istəsinlər. Azərbaycan və Ermənistanı maraqlandıran digər mövzuları da daxil etməklə onları dialoqa cəlb etmək olar. Çalışırıq ki, dialoqu və qarşılıqlı anlayışı möhkəmləndirək ki, Cənubi Qafqazda sülh bərqərar olunsun”.

Fransalı diplomat deyib ki, hazırda həmsədrlər dialoqun bərpası üçün əvvəlcə Azərbaycanın, daha sonra Ermənistan xarici işlər naziri ilə görüşə səy göstərirlər: "ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesi ilə bağlı fəal olmaqda davam edirlər. Düşünürəm ki, Böyük Sülh Sazişinin imzalanması üçün bütün sahələrdə dialoqun aparılması vacibdir. Hazırda itkin düşmüş şəxslərə dair məlumatların mübadiləsinin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə reallaşdırılması gözlənilir”. P.Monye qeyd edib ki, münaqişənin həlli ilə bağlı 2014-cü ildə 2 element nəzərə alınmaqla ziddiyyətli məqamlar olub: "Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı tərəflər arasında dialoqun davam etdirilməsinə cəhd ediblər. Prezidentlər arasında əvvəlcə Rusiya prezidenti Vladimir Putinin, daha sonra ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə görüş keçirilib. Fransa prezidenti Fransua Olland mayda Azərbaycan və Ermənistana səfəri zamanı təkliflərini irəli sürüb və oktyabrda onun təşəbbüsü ilə Parisdə 3-cü görüş baş tutub. Ziddiyyət isə ondan ibarətdir ki, diplomatik səylərin fonunda zorakılıq hallarının artması və atəşkəsin pozulması hallarına bu il daha çox rast gəlinib”.

AMİP Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucov isə "Unikal”a açıqlamasında münaqişənin bu müstəvidə həllinə inanmır. Onun sözlərinə görə, Minsk Qrupu Ermənistan-Azərbaycan münaqişəsini həll etmək iqtidarında olmadığını hamı etiraf edir. "O da etiraf olunur ki, danışıqlar prosesi səmərə vermir. Münaqişənin çözülməsinin başqa variantlarının üzərində işləmək və düşünmək lazımdır. Bu problemin həllini orda-burda axtaranlar, birdəfəlik anlamalıdırlar ki, müharibəsiz düşməni işğal edilmiş ərazilərdən təmizləmək mümkün olmayacaq. Bunun üçünsə Azərbaycan xarici siyasətində tərəfdaş və dost ölkələrinin sayını artırmalı, daxildə isə milli barışa, milli birliyə nail olunmalıdır. Ona görə də faydasız görüşlərdən və dialoqlardan, nəticəsiz müzakirələrdən birdəfəlik qurtulmaq lazımdır”.