"Gürcüstan Azərbaycanla yaxın tərəfdaş ölkədir"

Əhali arasında yayılan qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda adam oğurluğu hallarının artması müşahidə olunur. Buna səbəb odur ki, son vaxtlar insanlar yerli-dibli yoxa çıxır və onlardan heç bir xəbər alınmır. Bu günlərdə Gürcüstanda yoxa çıxan bir şəxsin meşədə meyiti tapılıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, cəsədi tapılan şəxsin daxili orqanları yerində olmayıb. Bu da, öz növbəsində, həmin şəxsin insan alveri qurbanı olduğu qənaəti yaradır. Yəni orqan transplantasiyası məqsədilə insanların oğurlanaraq bu vəziyyətə salındığı ehtimal olunur. İnsanların yoxa çıxması hallarının artması haqda yayılan fikirlər bu kimi ehtimalları artırır.

O da məlumdur ki, Cənubi Qafqazda kriminogen baxımdan ən sabit ölkə Azərbaycandır. Ölkədə insan alverinə qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunub və bu məsələdə aidiyəti qurumlar arasında koordinasiya mövcuddur. Ona görə də analoji hadisələr Azərbaycanda baş vermir. Baş verirsə də, bu çox nadir hallarda olur. Hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığı və kriminogen vəziyyəti nəzarət altında saxlamaları belə halların baş verməsinə imkan vermir. Ümumilikdə, Gürcüstan tərəfi adam oğurluğu halları ilə mübarizədə Azərbaycan tərəfinə yardım məqsədilə müraciət edərsə, onlara bu işdə bizim hüquq-mühafizə orqanları kömək edə bilərmi?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, prinsipcə bu cür yardım mümkündür: "Rəsmi müraciət olunarsa, əlbəttə ki, Azərbaycanın hüquq-mühafizə orqanları yardım göstərə bilər. Məsələ ondadır ki, Azərbaycan hüquq-mühafizə orqanlarında kifayət qədər peşəkar şəxslər fəaliyyət göstərir. Bunun nəticəsidir ki, Azərbaycanda bu kimi cinayət hadisələrinin başvermə faizi yox səviyyədədir. Başqa bir tərəfdən, Gürcüstan Azərbaycanla yaxın tərəfdaş ölkə olduğuna görə, zərurət yaranarsa, hüquq-mühafizə orqanları bu yöndə köməklik göstərə bilər. Təbii ki, bunu qarşı tərəf istəyərsə. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlıq şəraitində bu kimi məsələlər yoluna qoyula bilər. Yəni qarşılıqlı hüquqi yardım çərçivəsində bu kimi məsələlərdə kömək göstərmək elə də çətin deyil".

Vidadi ORDAHALLI