"Meydan hərəkatı AXC yaranandan sonra, 1989-cu ilin əvvəlində siyasi hərəkata çevrildi"

"Hərəkatı tribunadan idarə edənlərdən başqa, meydanın içində də Hatəmi Tantəkin vardı...”

Ötən gün 17 noyabr "Dirçəliş günü” ilə əlaqədar xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı "Yeni Müsavat”a müsahibəsində bildirdi ki, 1988-ci ilin noyabrında 18 günlük mitinq zamanı meydanın iki lideri var idi, Sabir Rüstəmxanlı və Nemət Pənahlı. Bu fikir o dövrün meydan hərəkatında iştirak etmiş bir çox ictimaiyyət nümayəndələrinin etirazına səbəb oldu.

Bəs görəsən, 1988-ci ildə meydan hərəkatının təşkilatçıları və aparıcıları arasında başqa kimlər olub? Meydan hərəkatı nə zaman siyasiləşib və siyasi liderlər tərəfindən idarə olunub?

Bu suallarla həmin mitinqlərin təşkilatçısı, "Meydan sirləri” kitabının müəllifi, hazırda AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı olan Ənvər Əliyev bildirdi ki, bu mövzuda yazdığı kitabda meydan hərəkatı haqqında bütün detalları ilə yazıb və artıq bu haqda danışmaq istəmir: "Əgər Sabir bəy belə deyirsə, lap yaxşı, nə olar ki... İndi hamı deyir ki, mən xalqın adamıyam. Ancaq bu ölkəni başdan-ayağa xəyanət bürüyüb. Başqa millətlərin övladları heç demir ki, mən xalqımı sevirəm, amma həmin xalqlar necə sevilir. Mən indi durub qatığın ağ olduğunu sübut edə bilmərəm. Onsuz da bu millət qatığın ağlığına şübhə edir. Bu hadisələrlə bağlı 220 nəfər istintaqa ifadə verib, əgər onların biri deyibsə ki, Ənvər Əliyev bunu eləməyib, onda mən sizin qarşınızda başımla cavab verərəm. Mənim kitabımı alın, oxuyun, orada hər şeyi yazmışam”.

AMİP lideri Etibar Məmmədov isə bildirdi ki, 1988-ci il meydan hadisələrində xalqın içində olsa da, lider kimi 1989-cu ildən hərəkata qatılıb: "1988-ci il hadisələrində xalqın içərisində olmuşam, meydanı idarə edənlərin içində olmamışam. Meydan hərəkatı Azərbaycan Xalq Cəbhəsi yaranandan sonra, 1989-cu ilin əvvəlində siyasi hərəkata çevrildi. 1988-ci ilin meydan hərəkatı kütləvi olsa da yaxşı idarə olunmurdu, çünki onu idarə edən təşkilat yox idi. Bundan nəticə çıxaran xalq sonra birləşmək qərarına gəldi və Azərbaycanda ilk siyasi təşkilat olan Xalq Cəbhəsi yarandı. 1989-cu ilin fevral ayından danışıqlar başladı, bütün qruplar birləşdi. Mart ayında Xalq Cəbhəsinin təşəbbüs qrupunun yaradılması elan olundu. İyun ayının 15-də isə təsis konfransı keçirildi və Xalq Cəbhəsi yarandı.

Mən AXC-nin qurucularından, həm də ilk idarə heyətinin üzvlərindən biri olmuşam. 1989-cu il iyunun 29-da yeni meydan hərəkatı başladı. Yəni kütləvi mitinqlər keçirildi, daha sonra kütləvi tətillər baş tutdu. Bütün bunların nəticəsi olaraq 1989-cu il sentyabrın 15- də Azərbaycan Respublikasının dövlət suverenliyi haqqında qanun qəbul olundu. Bu zamandan etibarən Azərbaycan qanunları SSRİ qanunlarından üstün hesab olundu. Sonra SSRİ rəhbərliyi gördü ki, bu hərəkat çox böyüyür, inkişaf edir, Azərbaycanın dövlət müstəqilliyi rəsmiləşə bilər. Ona görə də növbəti ilin yanvar ayının 20-də Azərbaycana qoşun yeritdi".

Şahidlərin dedikləri ortaya bir detalı da çıxardır: Meydan hərəkatını başladan doğrudan da Ənvər Əliyev olub. Prosesi tribunadan idarə edənlər əsasən Nemət Pənahlı və Sabir Rüstəmxanlı olublar. Lakin hərəkatın tribunadan kənar, meydanın içindən idarəedilməsi faktı da olub. Bu prosesə də Məhəmməd Hatəmi Tantəkin rəhbərlik edib. 26 noyabrdan 27 noyabra keçən gecə isə Azadlıq meydanındakı kütləni tribunadan idarə edənlərlə aşağıdan idarə edənlər arasında mövqe ziddiyyətləri olub. Nəticədə, Nemət Pənahlı başda olmaqla, tribunadakı rəhbərlər meydanı tərk ediblər. Proseslərə rəhbərlik Hatəmi Tantəkinə keçib. Onlar bütün gecəni rus əsgərlərinin mühasirəsində meydanda keçiriblər. /Yeni Müsavat/