"Sarkisyana baha başa gələ bilər"

Arzuxan Əlizadə: "Təsəvvür belə etmək çətindir ki, Sarkisyan Putinin dediyinin əksinə getsin"

"Rusiya problemin həllində maraqlı olsaydı, çoxdan bu məsələ yoluna düşərdi"

Son dövrlər belə fikirlər yayılır ki, guya Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyana təzyiq göstərir. Ancaq Sarkisyan buna rəğmən danışıqlarda güzəştə getmək istəmir. Bu kimi fikirlər əsasən Qərb dairələrində səslənir.
"Mənim Moskvadakı mənbələrim deyir ki, prezident Vladimir Putin Qarabağ məsələsində güzəştə getmək istəmədiyinə görə Ermənistan prezidenti Serj Sarkisyana çox qəzəblidir".

Bunu bu günlərdə Ermənistan mətbuatına müsahibəsində nüfuzlu amerikalı ekspert, Vaşinqtondakı Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen demişdi. A.Koenin sözlərinə görə, Putinə Ukraynadakı münaqişəni Qarabağ münaqişəsini nizamlamaqla kompensasiya etmək gərəkdir. Onun fikrincə, başlanğıc üçün vacibdir ki, Azərbaycan qərbyönlü mövqeyindən tamamilə imtina etsin: "Ancaq bunun üçün Ermənistan Qarabağda bir neçə rayonu qaytarsın, sonra məsələnin yekun həllinə real yanaşsın. Strateji hədəf Azərbaycanın Avrasiya İttifaqına üzvlüyüdür. Bunun üçün Rusiya Qarabağı Azərbaycana qaytarmalıdır, əks halda o, üzünü Moskvaya çevirməyəcək. Sarkisyan və Qarabağ klanı isə bu ssenariyə əsas maneə kimi görünür".
Amerikalı ekspert iddia edir ki, Putin məsələni Sarkisyanla müzakirə edib, ancaq Ermənistan prezidenti güzəştə getmək istəmir. A.Koen deyir ki, onun Moskvadakı mənbələrinin bildirdiyinə görə, Putin Sarkisyanın kompromisə getmək istəməməsinə görə əsəbiləşir.
Bütövlükdə, bu deyilənlər nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu cür versiyalar tamamilə qeyri-real və gülüncdür: "Əvvəla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasında Rusiyanın müstəsna rolu olub. Hər kəsə məlumdur ki, Rusiyanın birbaşa yardımı olmadan Ermənistan Azərbaycanın 20 faiz ərazisini nə işğal edə, nə də 20 ildən çox işğal altında saxlaya bilərdi. Çünki bunun üçün Ermənistanın nə iqtisadi gücü, nə də digər resursları yoxdur. Rusiya Cənubi Qafqazda Azərbaycanla Ermənistanı təsir altında saxlamaq üçün Dağlıq Qarabağ amilindən bir vasitə kimi istifadə edir.

Ona görə də münaqişə indiyədək öz həllini tapmayıb. Rusiya problemin həllində maraqlı olsaydı, çoxdan bu məsələ yoluna düşərdi. O üzdən, bu versiya tamamilə absurddur. Digər tərəfdən, indinin özündə Ermənistan iqtisadi-siyasi cəhətdən Rusiyadan tamamilə asılıdır. Təsəvvür belə etmək çətindir ki, Sarkisyan Putinin dediyinin əksinə getsin. Belə olsa, bu şəxsən Sarkisyana baha başa gələ bilər"./Bakı Xəbər/

Vidadi ORDAHALLI