AMİP "Barış Pınarı" hərakatını dəstəklədi və hökumətə çağırış etdi

Türkiyə Cümhuriyyətinin mövcud dövlət sərhədlərinin uzun müddətdir ki, təhdid altında olmasını və müvəqqəti olaraq Türkiyə Cümhuriyyətində məskunlaşmış 3 milyon 600 min qaçqın suriyalının doğma torpaqlarına qayıtmaq arzusunu nəzərə alaraq Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya Milli Ordusu ilə birlikdə "Barış pınarı” ("Barış bulağı”) adlı antiterror əməliyyatına start verib.

Azərbaycan Milli İstiqlal Partiyası Türkiyə Silahlı Qüvvələrinin hazırda Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı” antiterror əməliyyatı çərçivəsində atılan addımları tam dəstəklədiyini bəyan edir.

Əməliyyatın əsas məqsədi Türkiyənin cənub sərhədlərində terrorçuların nəzarətində olan bölgəni PKK/YPG və İŞİD terrorçularından azad etmək və öz doğma ərazilərindən qaçqın düşərək Türkiyə Cümhuriyyətinə sığınmış 3,5 milyondan artıq suriyalının evlərinə könüllü qayıtmasını təmin etməkdir. Əminliklə bildiririk ki, TSQ tərəfindən uğurla aparılan antiterror əməliyyatı beynəlxalq hüququn özünümüdafiə hüququnu tanıyan müddəalarına tam uyğundur. Nəzərə almaq lazımdır ki, Türkiyənin sərhədlərini təhdid edən terrorçular tək Türkiyə Cümhuriyyətinə deyil, bütün sivil dünyaya təhlükə yaradır. Bu səbəbdən də ABŞ-ın, Avropa birliyinə daxil olan bir sıra ölkələrin və xüsusilə də Ərəb birliyi ölkələrinin aparılan antiterror əməliyyatlarına qarşı çıxması heç bir halda başa düşülən deyil və şiddətlə qınanılmalıdır.

AMİP dünya birliyini və xüsusilə də Azərbaycan hakimiyyətini Türkiyə Cümhuriyyətinin yanında olmağa, aparılan antiterror əməliyyatlarını qətiyyətlə müdafiə etməyə çağırır. Azərbaycan hakimiyyəti bununla bağlı qəti mövqe nümayiş etdirməli və bütün diplomatik vasitələrlə qardaş Türkiyə Cümhuriyyətinə beynəlxalq dəstəyin təşkilində köməyini əsirgəməməlidir.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq aparılan əməliyyatların uğurla nəticələnəciyinə, Türkiyənin cənub sərhəddlərində yaradılmasına çalışılan terror dəhlizinin yox ediləcəyinə, suriyalı qaçqınların öz doğma torpaqlarına qaytarılacağına, Türkiyə Silahlı Qüvvələrinin bölgəyə rifah və sülh gətirəcəyinə dərin inamımızı ifadə edir və qəhrəman Türk əsgərinə bu şərəfli işində başarılar diləyirik.