AMİP bələdiyyə seçkilərinə hazırlığı sürətləndirdi

AMİP Siyasi Şurasının növbəti iclası keçirilmişdir.
Partiyadan "Millət" daxil olan məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində partiya üzvlərinin iştirakı ilə bağlı müzakirələr aparılmışdır. Müzakirələr zamanı yerli qanunvericilik orqanları ilə əlaqədar mövcud qanunların icra edilməməsi səbəbindən bələdiyyələrin icra strukturlarının əlavəsinə və real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilməsi xüsusi olaraq vurğulanmışdır. İclas iştirakçıları bələdiyyələrin statusunun artırılması və onların yerlərdə real yerli hakimiyyətə çevrilməsi üçün Siyasi partiyalar, vətəndaş cəmiyyətləri və cəmiyyətin digər təbəqələri ilə müzakirələrin keçirilməsi və seçkiqabağı demokratik mühitin formalaşması istiqamətində birlikdə mübarizə aparmağın zəruriliyini diqqətə çatdırmışlar. Qeyd edilənlərlə yanaşı Siyasi Şura üzvləri tərəfindən yekdilliklə bələdiyyə seçkilərində iştirakın vacibliyi vurğulanmışdır.

İclasda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar AMİP Siyasi Şura, Mərkəzi Şura üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.