"Gəncə şəhərinin raket atəşinə məruz qalması ilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədilməsi Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu”.
Ovqat.com xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bu gün yaydığı bəyanatda belə deyilir.
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması, cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərindəki hücum cəhdləri, Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə ağ bayraq sancılan sanitar maşının erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması və gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərinin raket atəşinə məruz qalması ilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədilməsi Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu və heç bir razılaşmaya əməl etməyəcəyini bir daha ortaya qoydu.
Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, bütün baş verənlərdə təcavüzkar Ermənistan və bilavasitə ona havadarlıq edən dövlətlər, eləcə də uzun illər ərzində problemin həll olunması missiyasını öz üzərinə götürsə də faktiki olaraq mövcud status-kvonun saxlanılmasında maraqlı olan ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyət daşıyırlar. Hesab edirik ki, erməni tərəfinin atdığı addımlar fonunda ona son şans olaraq tanınan Moskva razılaşması da faktiki olaraq əhəmiyyətini itirmiş və qüvvədən düşmüş hesab olunmalıdır.
Hər zamankı mövqeyimiz olaraq torpaqlarımızın işğaldan azad olunmasının yalnız hərbi-siyasi yolla mümkünlüyünü bir daha bəyan edirək bildiririk ki, düşmənə onun başa düşəcəyi dildə cavab verilməli, mülki insanımızın hədəf alınmasının qisası alınmalı və düşmən mövqelərinin susdurulması təmin edilməlidir.