AMİP Britaniyalı müttəfiqini təbrik etdi

Böyük Britaniyada keçirilən son parlament seçkilərində AMİP-in müttəfiqi olan Mühafizəkar Partiyası parlament seçkilərində qalib gəlib. Belə ki, "exit poll”un nəticələrinə əsasən, mühafizəkarlar 216, leyboristlər 239, Şotlandiya Milli Partiyası 58, Liberal Demokratlar Partiyası isə 10 yer qazanıb.

AMİP sədri Yusif Bağırzadə Teleqraf.com-a bildirib ki, artıq onların müttəfiqi olan Mühafizəkarlar Partiyası qalibdir: "Bizim bu partiya ilə həm ikitərəfli, həm də Beynəlxalq Demokratlar İttifaqı çərçivəsində əməkdaşlıq edirik. Britaniyada keçirilən seçkilərdə Mühafizəkarlar 36,7 faiz səslə 321 deputat yerini, leybaristlar 30,6 faiz səslə 227 deputat mandatı, Liberallar isə 7 faiz səslə 8 deputat mandate əldə edib. Bu faktiki olaraq Mühafizəkarların böyük qələbəsidir. Bu partiya mövcud olduğu dövrdə bu səslə qələbə qazana bilməyiblər. Bundan əvvəlki seçkilərdə Mühafizəkarlar təkbaşına cabinet formalaşdıra bilmədilər. Ancaq indi 321 deputatla hökuməti təkbaşına formalaşdıra biləcək. Bu seçkilərdə əldə olunan qələbə ilk olaraq onların lideri Devid Kemeronun adına yazılmalıdır. Çünki Kemeron seçkiqabağı təbliğatda bəyan etmişdi ki, 2017-ci ildə Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmayacağına dair referendum keçirəcəyinə söz verib. İkincisi, Kemeron Şotlandiya, Şimali İrlandiya və Uelsə geniş hüquqlar verəcəyini bəyan etmişdi. Seçkilərdə mühafizəkarların qalib gəlməsinin də əsl səbəbi budur. İndilikdə məsələ ondadır ki, Şotlandiya özünü Avropanın bir hissəsi kimi görür. Odur ki, məsələ mürəkkəbdir. Əgər 2017-ci ildə keçiriləcək referendumda böyük çoxluq Avropa Birliyindən çıxmaq haqda qərar versə, bu ciddi problem yaradacaq. Bu hətta Böyük Birtaniyanın parçalanmasına səbəb ola bilər. Çünki Şotlandiya və İrlandiya Avropa Birliyinin üzvü olmaq istəyir. Ancaq indilikdə Mühafizəkarlar böyük qələbə əldə edib. Onu da qeyd edim ki, Avropa Birliyi Londona xüsusi imtiyazlar vermişdi. Başqa sözlə, Böuük Britaniya Avropa Birliyinin üzvü olsa da, şengen zonasına daxil deyildi və avrodan istifadə etmirdi. Ancaq 2017-də Böyük Britaniya Avropa Birliyindən çıxa bilər. Bu isə həm də Amerika ilə problemlərin yaranması deməkdir. Çünki Böyük Britaniya Avropa Birliyinin üzvü qismində ABŞ-a müttəfiq kimi daha maraqlı idi”.

AMİP sədri qeyd edib ki, bu parlaq qələbə münasibəti ilə sədri olduğu partiya rəsmi şəkildə Mühafizəkarları təbrik edib. Onun sözlərinə görə, bu məqsədlə Londona təbrik məktubu göndəriblər.

Yusif Bağırzadə daha sonra qeyd edib ki, növbəti dövr üçün baş nazir postunda oturacaq Devid Kemeronun Azərbaycana münasibəti normaldır: "Onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hətta Avropa İttifaqında təmsil olunan Böyük britaniya deputatları Dağlıq Qarabağ probleminin həllinə dair pozitiv fikirlər işlədib. Hər zaman da Azərbaycanın ərazi bütövlüyünü müdafiə ediblər”.