AMİP-dən Fuad Abbasovla bağlı çağırış

"Rusiyada yaşayan və jurailst fəaliyyəti ilə məşğul olan dəyərli soydaşımız Fuad Abbasovun orada həbs olunması, qeyri-insani rəftara məruz qalması, ona edilən haqsızlıqlar AMİP olaraq bizi də ciddi narahat edir”.

Bu fikirləri tanınmış jurnalist F.Abbasovun Moskvada həbs edimsinə münasibət bildirərkən AMİP Siyasi Şurasının üzvü Əli Orucov səsləndirib.

Partiya funksioneri daha sonra bildirib: "F.Abbasov uzun illərdi ki, Moskvada Azərbaycanın haqq səsinin ucaldılmasında, əsil həqiqətlərin Rusiya ictimaiyyətinin diqqətinə çatdırılmasında, uydurma erməni təbliğatının qarşısnın alınmasında önəmli rol oynayıb. O, həmçinin Rusiyada yaşayan Azərbaycanlıların təşkilatlanmasında, bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsində də xeyli işlər görüb. Bir müddət əvvəl erməni məkri və Rusiya xüsusi xidmət orqanlarının xeyr-duası ilə Moskvada iki dost və qardaş xalq olan çeçenlərlə azərbaycanlılar arasında süni qarşıdurmanın vaxtında qarşısının alınmasında da əməli fəaliyyəti olub. Görünür, Fuad bəyin bu kimi müsbət və gərəkli fəaliyyəti erməniləri və onların havadarlarını rahat buraxmayıb. Deportasiya etmək istəyirlərsə, bunu da normal qaydada etmək lazım idi. O, qatı cinayətkar, təhküəli əməlllərin sahibi deyil. Lakin Rusiya hüquq-mühafizə orqanları onunla qəddərcasına, alçaldıcı daxranması qətiyyən qəbul edilə bilməz və kəskin şəkildə pislənilməlidir.

Ümumiyyətlə, F.Abbasovun simasında soydaşlarımızın Rusiyada istər istintaq orqanları, istər millətçi-şovinist qüvvələr tərəfindən təhqirə, təzyiqlərə, işgəncələrə, hər cür qeyri-insani rəftara məruz qoyulması, hətta, belə davranışların KİV-lərdə, sosial mediada nümayiş etdirilməsi ilk dəfə deyil. Təəssüflər olsun ki, Azərbaycan hökumətinin, xüsusi ilə də dünya azərbaycanlıları ilə məşğul olan dövlət qurumlarının səssizliyi və sükunəti Rusiya cəmiyyətində bizə nifrət hissi aşılamağa çalışan düşmən qüvvələrin planlarının həyata keçirilməsinə münbit şərait yaradır.

Düşünürəm ki, istər Azərbaycanın müvafiq dövlət qurumları, istər xarici diasporamız, əlalxüsus da, Rusiyada fəaliyyət göstərən diaspora təşkilatları, istərsə də Moskvadakı səfirliyimiz F.Abbasovun istintaq komitəsi tərəfindən haqsızlığa və fiziki-mənəvi işgəncəyə məruz qoyulmasına dərhal müdaxilə etməli, məsələni ciddi nəzarətə götürməli, zorakılığı tətbiq edənlərin cəzalandırılmasına çalışmalıdır”
Əli Orucov həmçinin qeyd edib ki, "Ola bilsin bəzi qüvvələr Azərbaycan-Rusiya arasında münasibətləri zədələmək, iki xalq arasında nifaq toxumu səpmək üçün bu kimi xoşagəlməz üsullara əl atsınlar.Məncə, indiki məqamda Moskva ilə bu və ya digər şəkildə bağlılığı olanların üzərinə daha çox məsiliyyət düşdüyündən, məsələnin şişməsinə imkan verməməlidirlər. Biz hamımız bir nəfər kimi F.Abbasovu müdafiə etməli, ona sahib çıxmalıyıq”.