AMİP-in Fəxri Lideri Etibar Məmmədov Sevil Cahaninin vəfatı ilə bağlı başsağlığı verdi. "Millət"ə daxil olan başsağlığında deyilir:
"Milli İstiqlal Partiyasına ağır itki üz vermişdir. Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olan, Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri, veteran Milli İstiqalalçı Sevil Cahani uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Sevil xanım Azərbaycanın yenidən öz azadlığına və müstəqilliyinə qovuşması uğrunda fəal iş aparmış və buna görə müxtəlif təqib və təzyiqlərə məruz qalmışdır. O, Azərbaycan qadınlarına xas olan cəsarəti və fədakarlığı ilə əsil nümunəyə çevrilmişdir.
Sevil Cahani siyasi fəaliyyətini AMİP-də davam etdirərək partiyanın Qadınlar Təşkilatının formalaşmasında böyük rol oynamışdır.
Sevil Cahani AMİP-in əksər Qurultayılarına nümayəndə seçilmiş və ona yüksək etimad göstərilərək dəfələrlə Mərkəzi Şurada təmsil olunmuşdur. Sevil xanımın əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.
Sevil Cahaninin vəfatından kədərləndiyimi bildirir, mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
Etibar Məmmədov
AMİP-in Fəxri Lideri
Bakı şəhəri, 14 fevral 2022-ci il