AMİP Lideri Etibar Məmmədov Siyasi Şurası üzvü Aminə Vəliyevanı təbrik etdi

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Aminə xanım Vəliyevanın yubileyi münasibəti ilə Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun

T Ə B R İ K İ

Hörmətli Aminə xanım,

Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.

Siz hələ gənc yaşlarınızdan Azərbaycanın azadlıq və müstəqillik ideyalarının daşıyıcılarından biri olmaqla hər zaman istiqlal və istiqrar mübarizəsinin ön sıralarında olmusunuz. Tutduğunuz vəzifədən asılı olmayaraq Sovet imperiyasının tezliklə dağılması və xalqların buxovdan xilası yolunda göstərdiyiniz məqsədyönlü və ardıcıl fəaliyyətdən geri çəkilməmisiniz.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan Milli Azadlıq Hərəkatı Sizə yeni ilham, yeni nəfəs verdi və illərlə daşıdığınız ali ideyaların həyata keçməsinə olan ümidinizin reallaşması üçün milyonların apardığı mücadilədə özünüzə məxsus rol oynadınız. Ölkəmizin yenidən müstəqillik qazanmasında Sizin də xidmətləriniz danılmazdır.

Siz ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə ağır yaralanaraq müalicə alan əsgərlərimizə bir ana kimi, bacı kimi, doğmaları kimi hər cür dəstək və kömək göstərdiniz. Mənəvi və maddi yardımlarınızı əsirgəmədiniz.

Azərbaycanın ictimai-siyasi həyatında Sizin ayrıca dəsti-xəttiniz var. Çoxpartiyalı siyasi sistemə keçidin əsasını qoyan və ilk siyasi partiya olaraq yaranan Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından biri kimi ilk qadın siyasətçilərdən olmaqla adınızı çağdaş siyasi tariximizə yazdıra bilmisiniz. İstər partiyada, istərsə də partiyadan xaricdə olan kadrların, gənc nəsil siyasətçilərin yetişməsində, xüsusən də, qadınların ictimai-siyasi proseslərə cəlb edilməsi yönündəki təşəbbüsləriniz təqdirəlayiqdir. Sizin yaşam kredonuz, keçdiyiniz yol və göstərdiyiniz fəaliyyət gələcək nəsillər üçün əsl nümunədir.

Siz qayğıkeş ana, zəhmətkeş və fədakar ailə başçısı, mehriban və sadiq dost, güvənilən, qorxmaz və əqidəli silahdaşsınız. Yüksək əxlaqi keyfiyyətlərinizə və xarakterinizə, qazandığınız etimad və inama görə partiyada dəfələrlə Ali Qurumlara seçilmisiniz. Məsuliyyətli və çətin vəzifələrin öhdəsindən bacarıqla gəlmisiniz. Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü və AMİP Qadınlar Təşkilatının sədri olaraq ən məsul görəvləri tutmaqla partiyada sözü keçən, şəxsinə böyük hörmət bəslənilən simalardansınız.

İnanıram ki, arzusunda və mücadiləsində olduğunuz Bütöv, Demokratik, Çiçəklənən və Qüdrətli Azərbaycan Dövlətinin vətəndaşı olmaq səadətini də yaşamaq Sizə qismət olacaqdır.

Sizi bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm.


Dərin hörmətlə,

Etibar Məmmədov,

AMİP lideri

22 noyabr 2016-ci il