AMİP regional müşavirələrə start verdi

Azərbaycan Milli İstiqlal Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar regional müşavirələr keçirir.  partiyadan "Millət"ə daxil olan məlumata görə, Bakı və Sumqayıt şəhər, eləcə də Abşeron rayon təşkilatları ilə ötən həftə keçirilən müzakirələrdən sonra dünən respublikanın şimal bölgəsində AMİP Siyəzən, Şabran, Xaçmaz, Xudat, Quba və Qusar rayon təşkilatlarının fəalları ilə regional müşavirə keçirilmişdir. Müşavirədə seçki öncəsi durum və partiya üzvlərinin bələdiyyə seçkilərində iştirakı müzakirə obyekti olmuşdur. Müşavirə iştirakçıları yerli idarəetmə haqqında qanunvericiliyin yetərincə işləməməsi səbəbindən yerlərdə bələdiyyələrin nüfuzunun aşağı olduğunu və bu baxımdan həmin sahədə vəziyyətin qənaətbəxş olmadığını vurğulamaqla yanaşı seçkilərdə iştirakın vacibliyini qeyd etmişlər.

Müşavirədə AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə, AMİP Mərkəzi Şura sədri Aydın Əliyev və AMİP Təşkilat katibi Nazim Ələsgərov iştirak etmişlər.