Hörmətli media mənsubları, dəyərli dostlar!
22 iyul 1875-ci ildə görkəmli vətənpərvər maarifçi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşr etdirməsi ilə Azərbaycanda təkcə mətbuatın deyil, həm də yeni fikir və ənənənin özülü qoyuldu. O gündən etibarən milli mətbuatımız keçməkeşli və bir o qədər də şərəfli inkişaf yolu keçərək xalqın maarifləndirilməsi və haqsızlığa, ədalətsizliyə qarşı mübarizə baxımından böyük uğurlara imza atıb.
Bu gün cəmiyyətin bütün sferalarına nüfuz edən mətbuatımızın bir sıra problemlərinin, siyasi və iqtisadi sıxıntılarının olmasına baxmayaraq sizlər əsl fədakarlıqlar göstərərək, dövlətçiliyimizin qorunmasında, demokratik dəyərlərin inkişafında, milli-mənəvi dəyərlərin əxz edilməsində, cəmiyyətin operativ və obyektiv informasiya ilə təmin olunmasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında üzərinizə götürdüyünüz missiyanı şərəflə yerinə yetirməkdəsiniz.
Dəyərli dostlar! Bu bayram günündə müstəqil fikrin inkişafı üçün heç nədən çəkinmədən peşəsinə vicdanla yanaşan bütün jurnalistlərə dərin ehtiramımı bildirərək, sizləri peşə bayramınız münasibətilə təbrik edir, sizə bu şərəfli peşənizdə bundan sonra da uğurlar diləyirəm! Hər zaman qələminiz iti, sözünüz kəsərli olsun!
Arzuxan Əlizadə
AMİP sədri