AMİP xalqa müraciət etdi


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Milli İstiqlal Partiyasının Azərbaycan xalqına
Təbriki

28 may 1918-ci il dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların milli qürur hissi duyduğu, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş əlamətdar bir gündür.
Şərqdə, bütün müsəlman və Türk dünyasında çoxpartiyalı parlamentə malik ilk dünyəvi, demokratik və hüquqi dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının,intellektual potensialının, milli və siyasi şüur səviyyəsinin, yüksək istedad və qabiliyyətinin göstəricisidir.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq, yeni qurulan dövlətdə qısa müddət ərzində demokratik hüquq və azadlıqların bərqərar edilməsi, milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, milli pul vahidinin dövriyyəyə buraxılması, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair əhəmiyyətli işlər Xalq Cümhuriyyətinin həyata keçirdiyi siyasətin miqyas və mahiyyətini əyani surətdə səciyyələndirir.
Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Cümhuriyyətin yaranmasında və fəaliyyət göstərməsində o dövrdə AXC-yə rəhbərlik etmiş şəxslərin – Məhəmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və digər siyasi xadimlərin xidmətləri danılmazdır. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
Dövlətçilik yolunda yeni addımlarını atan Xalq Cümhuriyyətimiz 23 aylıq mövcudluqdan sonra 70 illik sovet işğalına məruz qalsa da tarix bir daha sübut etdi ki, ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. Ötən əsrin sonlarında yenidən ayağa qalxan Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz əzəli haqqını – hürriyyətini və müstəqilliyini bərpa etdi. Sovet imperiyası milli-azadlıq hərəkatını boğaraq xalqımızı əsarətdə saxlamaq üçün davamlı cəhdlər etsə də buna nail ola bilmədi. Canı və qanı bahasına alınmış azadlığı qorumaq yolunda ağlasığmaz məhrumiyyətlərə düçar edilsə də, amansız təzyiqlərə məruz qalsa da, şəhidlər verərərək torpaqları qəsb olunsa da, taleyindən didərginliyin, qaçqınlığın acı yelləri keçsə də xalqımız öz yolundan dönmədi. 80-ci illərin sonlarında başlayan Milli azadlıq Hərəkatı 18 oktyabr 1991-ci ildə "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi ilə sonuclandı.
Öndə gedən Liderlərinin və azadlıq aşiqlərinin əzmkar əməyi və mübarizəsi sayəsində bu dəfə Azərbaycanın müstəqilliyini əldə etməyə rəğmən, onu qoruyub saxlamaq da mümkün oldu. Bu gün bizlər Müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq qürur hissi keçirməklə yanaşı azadlığımızın və müstəqilliyimizin əldə olunmasında zəhməti olmuş hər kəsə minnətdarlıq hissi ilə xatırlayırıq.
Müstəqil Azərbaycanın ilk rəsmi dövlət qeydiyyatından keçmiş siyasi partiyası olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Azərbaycan xalqını, harada yaşamasında asılı olmayaraq bütün azərbaycanlıları, müstəqilliyimizin bərpa olunmasında əməyi olmuş hər kəsi təbrik edirik!
Tanrı Dövlətimizi qorusun!

28 may 2018-ci il Bakı şəhəri