Antiislam aksiyalar siyasi məqsədlər üçün istifadə olunur

Əli Orucov: "Antiislam aksiyaları siyasi məqsədlər üçün istifadə olunur"
"Siyasi hakimiyyətlər iqtisadiyyatdakı zəifləmənin səbəblərini müsəlman miqrantların "ayağına" yazmaq istəyir"

Soyuq müharibə necə bitdisə, əvəzinə daha kəskin və daha qaynar bir savaş doğuldu. SSRİ dağılmış, sosialist sistem çökmüş, ABŞ qarşısında böyük boşluq yaranmışdı. Deməli, artıq rəqib daxili gücü tükənmiş Rusiya yox, çoxsaylı, təbii artımı durmadan çoxalan və enerji ehtiyatlarına sahib müsəlman ölkələri idi.
Müsəlman ölkələri anlayışı altında ərəb, fars, türk və s.olmaqla milyarddan artıq əhali cəmləşmişdi.
Artıq ideoloji mübahisələr həll edilmiş, mədəni və dini fərqlər ortya çıxmışdı. Buna görə ABŞ dünya müsəlmanlarına qarşı tək müharibə aparmaması üçün dini amili qızışdırdı.
Xristian və müsəlman faktorunun mübarizəsi dünyanın yeni sferasını müəyyən etdi. Bunun davamı kimi Avropada yenidən dini hisslər körüklənməyə başladı .Hər vəchlə özünün demokratiya beşiyi olduğunu sübut etməyə çalışan ABŞ-da islam dini əleyhinə daha bir təhlükəli aksiyaya start verilir.
Bütün bunlarla yanaşı, son zamanlar Avropa ölkələrində islam əleyhinə aksiyalar tez-tez keçirilir. Ümumumilikdə demək olar bu, adi hal alıb. İki gün əvvəl Almaniyanın Drezden şəhərində "Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) hərəkatının çağırışı ilə miqrantlar və müsəlmanlar əleyhinə yenidən nümayiş keçirilib. Sayca 25-ci etiraz yürüşündə hərəkatın minlərlə tərəfdarı iştirak edib. Onlar millətçi və ksenofob şüarlar səsləndiriblər. Təhlükəsizlik üçün nümayişin keçirildiyi əraziyə yüzlərlə polis əməkdaşı cəlb edilib. Hərəkatın Leypsiq qolu da İslam əleyhinə aksiya keçirib. Etiraz aksiyasına 300 antiislamçı qoşulub. Nümayişdə sağçı radikallar da iştirak edib. Bənzər aksiyalar ara-sıra digər ölkələrdə də keçirilir. Ancaq ümumilikdə islam əleyhinə aksiyalar Almaniya və Fransada daha çox özünü göstərir.
Ümumilikdə Avropa ölkələrində bu cür aksiyaların keçirilməsi nə ilə bağlıdır?

Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bütün bunlar təsadüfi deyil: "Məsələ ondadır ki, islam əleyhinə Avropa ölkələrində keçirilən aksiyaların kökündə müəyyən səbəblər dayanır. Müəyyən dairələr tərəfindən məqsədyönlü şəkildə bu idarə olunur. Görünən odur ki, həmin dairələr müsəlman əsilli vətəndaşların sayının Avropada artmasından narahatdır. O üzdən, hər vəchlə bu kimi aksiyaları stimullaşdırırlar. Müşahidələr göstərir ki, bəzi Avropa ölkələrindəki siyasi hakimiyyətlər iqtisadiyyatdaki zəifləmənin səbəblərini müsəlman miqrantların "ayağına" yazmaq istəyir. Guya ki, bu səbəbdən Avropa ölkələrində işsizliyin səviyyəsi artır, iqtisadi böhran öz həllini tapmır və s. Halbuki, bütün bunlar tamamilə absurd fikirlərdir. Bütün bunlardan sonra o qənaətə gəlmək olar ki, antiislam aksiyalar siyasi məqsədlər üçün istifadə olunur. Məsələnin kökündə dayanan başlıca faktor məhz bununla bağlıdır"./Bakı Xəbər/
Vidadi ORDAHALLI