Aptek işçilərinin əksəriyyətinin əczaçılıq təhsili, tibb təhsili yoxdur

Aydın Əliyev: "Bu, insanlıq borcudur”

Heç kim baş verə biləcək hadisələrdən sığortalanmayıb. Hər an hər bir kəsin başına iş gələ bilər. İnsan sağlamlığının qorunmasında, bərpasında xəstəxanaların, hospitalların və apteklərin böyük rolu var. Son günlər baş verəcək hadisələrdən belə nəticəyə gələ bilərik ki, bəzən bu qurumlar əksinə, insanların ömrünün qısaldılmasında "böyük rol” oynayırlar.
İnkişaf etmiş ölkələrdə fövqəladə hadisələr zamanı ilkin tibbi yardım göstərilməsi üçün təcili yardım xidmətindən və xəstəxanalardan başqa xüsusi tibb məntəqələri də fəaliyyət göstərir. Onlar ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardım maşınları çağırılır və xəstələr xəstəxanaya yerləşdirilir. Lakin ölkəmizin səhiyyə sistemində olan kifayət qədər boşluqlardan biri də məhz belə məntəqələrinin olmaması, təcili tibbi yardımın zamanında xəstəyə yetişməməsidir.

Bundan başqa digər qonşu ölkələrə nəzər salsaq, görərik ki, apteklərdə də ilkin tibbi yardım göstərilməsi də mövcuddur. Hər hansısa bir səbəbdən apteklərə yaxınlaşan vətəndaşa ilkin tibbi yardım göstərilir, qan təzyiqi ölçülür və s.

Təəssüf ki, Səhiyyə Nazirliyi əvvəllər mövcud olmuş bu ənənəni ləğv edib. Hazırda bu cür halların baş verməməsi üçün apteklərə xüsusi nəzarət kameraları yerləşdirilib.

"Cümhuriyət”ə açıqlamasında farmakoloq Aydın Əliyev deyib ki, apteklərdə ilkin tibbi yardım göstərilməsi insanlıq borcudur: "Əslində ilkin tibbi yardımı hər kəs bilməlidir. Yəni bu hər kəs üçün çox lazımlıdır. Lakin nəzərə alsaq ki, bu gün Bakının əksər hissəsində hər tində bir hospital, tibb mərkəzi, xəstəxana var, ona görə də Bakıda siz dediyiniz problemlər o qədər də yaşanmır. Məsələyə ümumi yanaşsaq, onu deyə bilərik ki, aptek işçilərinin əksəriyyəti əczaçılıq təhsili, tibb təhsili yoxdur. Ona görə də onlar xəstəyə diaqnoz qoya bilməzlər. Lakin ilkin xırda tibbi yardım etmək və oraya təcili yardım xidmətini çağırmaq onların insanlıq və peşə borcudur. Qan təzyiqinin ölçülməsi ürək dərmanlarının verilməsi və s. Hər halda bütün günü dərman preparatları ilə işləyən adam bilir ki, hansı dərman nə üçün istifadə edilir. Baş ağrısı, diş ağrısı, ürək bulanması, qan təzyiqinin qalxması-düşməsi və s. hallarda ilkin tibbi yardım göstərə bilər. Ölkəmizi inkişaf etmiş xarici ölkələrlə müqayisə etmək də düzgün deyil. Çünki xarici ölkələrdə narkotikin apteklərdə satılması qanunla mümkündür, istənilən adam gedib əldə edib narkotik qəbul edir və üstəgəl də dövlət bunu idarə edə bilir, tənzimləyə bilir. Lakin bizdə bu belə deyil. Bizim oraya çatmağımıza hələ uzun illər lazımdır. İnşallah bizdə də vətəndaşlara maksimum əlverişli şəraitin yaradılması üçün lazımi işlər aparılar. Mənim cavanlardan fərqim odur ki, sabahın daha aydın olacağına inanan insanam”.

Səhiyyə Nazirliyinin məsələyə mövqeyi isə konkret olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bunları dedi: "Əgər belə hallar baş verərsə, bunun üçün bizim mükəmməl xidmət göstərən təcili yardım xidməti var. Vətəndaşlar belə hallarda təcili yardım xidmətindən yararlana bilərlər. Apteklər xəstəxana deyil. Apteklərdəki əməkdaşlar da əczaçıdırlar, yəni, onların həkim fəaliyyəti göstərməsi də mümkün deyil”.