Aropa İttifaqının Türkiyəyə həmişə böyük ehtiyacı olub

Ekspertlərə görə, danışıqların dondurulması heç nəyi dəyişməyəcək;
Türkiyə ilə təhdid, şantaj və təzyiq dilində danışmaq artıq mümkün deyil

Avropa Parlamentində Türkiyə-Avropa İttifaqı müzakirələrinin müvəqqəti dondurulması barədə çıxarılan qərar Azərbaycanda da müzakirə mövzusudur. Söhbət etdiyimiz ekspertlər hesab edirlər ki, qardaş ölkəyə qarşı atılan bu addım Avropa İttifaqının xristian klubuna çevrilməsindən irəli gəlir.

Politoloq Əli Oruclu da hesab edir ki, Avropa Parlamentinin məlum qərarı ədalətsizdir və bu, Qərbin qərəzli yanaşmasıdır. Onun sözlərinə görə, baxmayaraq ki, həmin qərar tövsiyə xarakteri daşıyır və hüquqi deyil, siyasi məna kəsb edir, lakin bunula belə Avropa Parlamenti Türkiyə ilə belə davranmamalı idi: "Üzvlüklə bağlı danışıqların dondurulması heç nəyi dəyişməyəcək. Əvvəla, ona görə ki, Türkiyə ilə təhdid, şantaj və təzyiq dilində danışmaq artıq mümkün deyil. Türkiyə son dövrlər müstəqil siyasət yürüdür və bu, əsk effekt yaradır. Türkiyənin onsuz da Avropa İttifaqında üzv olması qeyri-mümkün idi. 50 ildən artıqdır ki, qardaş ölkəni Avropa İttifaqının qapısının ağzında gözlədirlər. Hər dəfə qəbul edilməsi çətin olan şərtlər irəli sürməklə Ankaranı lazımsız və səmərəsiz müzakirələrlə başını qatırdılar”.

Avropa İttifaqının bir xristian klubu olması haqqında fikirlərin səsləndirildiyini deyən müsahibimiz hesab edir ki, belə olan halda əhalisi 80 milyon olan müsəlman bir dövlətin ora qəbuluna inanmaq sadəlövhlük olardı. "Lakin Aropa İttifaqının Türkiyəyə həmişə böyük ehtiyacı olub, Orta Şərqdə indi cərəyan edən hadisələr və yaranmış gərgin vəziyyət fonunda bu ehtiyac daha da artıb. Qanunsuz miqrant, terrorizm, mütəşəkkil transmilli cinayətkarlıq, insan alveri, narkotika və s. kimi problemlərin öhdəsindən Türkiyəsiz gəlmək mümkün deyil. Türkiyə sanki filtr rolunu oynayaraq Avropanın təhlükəsizliyində həyati əhəmiyyətli rol oynayır”.

Ə.Oruclu qeyd etdi ki, türk faktoru Avrasiya materikində həlledici faktor olub: "Orta Doğudan Uzaq Şərqədək bu böyük çoğrafiyanın söz sahibləri türk etnosları olub. Hesab edirəm ki, bu qərar liderlərin zirvə toplantısında qəbul edilməyəcək. Əgər qəbul edilərsə, bu, Türkiyə-Avropa İttifaqı münasibətlərinə böyük xəta olacaq və Avrasiyada qüvvələr balansını Qərbin əleyhinə dəyişəcək”.

Politoloq Elxan Şahinoğlu "Ekspress”ə bildirib ki, Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi AKP Türkiyədə hakimiyyətə gələndə Avropa İttifaqı ilə çox sıx əlaqələr qurub. Onun sözlərinə görə, Aİ-də həm Ərdoğana, həm onun partiyasına müsbət münasibət olub: "Ərdoğan gələn kimi siyasi və iqtisadi islahatlar apardı, bu da Brüsseldə müsbət reaksiyalar doğurdu. Amma zaman keçdikcə, həm Ərdoğanın Avropa İttifaqına, Avropa İttifaqının da Ərdoğana tənqidi münasibəti artdı”.

Dediyinə görə, hər dəfə Türkiyənin Aİ-yə üzv olma məsələsi ortaya çıxanda, daha bir neçə şərtin yerinə yetirilməsi tələb olunurdu. Həmsöhbətimizə görə, bununla da proses süni şəkildə uzadılırdı. "İyulun 15-də hərbi çevrilişə cəhddən sonra isə münasibətlər daha da gərginləşdi. Türkiyə hökuməti ondan narazı idi ki, Aİ çevriliş cəhdinə dərhal münasibət bildirib pisləmədi, üstəgəl Türkiyə parlamentinin bombalanmasına gecikmiş reaksiya verdi”.

Aİ isə Türkiyəni həbslərin miqyasının artmasına, media işçilərini nəzarət altına almaqda və bu kimi məsələlərdə tənqid etməyə başladı. Dediyinə görə, hadisələrin axarı ona gətirib çıxarırdı ki, münasibətlər növbəti bir gərginləşmə ərəfəsinə daxil olacaq və Avropa Parlamenti bu addımı atdı. "Düzdür, Avropa Parlamentinin bu qətnaməsinin hüquqi yükü yoxdur. Yəni Avropa İttifaqının icra strukturlarının boynuna qoymur ki, mütləq danışıqlar dayandırılmalıdır. Ancaq Avropa İttifaqı komissarlığı Avropa Parlamentinin qərarını nəzərə almalıdır. Bu o demədir ki, faktiki olaraq münasibətlər dondurulub”.

Şahinoğlu hesab edir ki, hazırda Ərdoğan alternativ yollar axtarır və bunun biri də Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü məsələsidir. Həmsöhbətimiz bildirdi ki, Avropa Parlamentinin məlum qətnaməsindən sonra Rusiya rəsmiləri, bəzi diplomatlar açıq şəkildə deyirlər ki, bu qətnamə Türkiyə və Rusiyanı daha da yaxınlaşdırdı. "Çünki Türkiyə eyni zamanda iki müxtəlif qütblə düşmən ola bilməz. Məhz ona görə də Rusiya ilə münasibətlərin normallaşması sürətləndirildi ki, hər iki tərəfdən təzyiq altında olmasın. İndi daha çox Rusiya ilə yaxınlaşma hiss olunacaq”.

Onun sözlərinə görə, 10-15 il öncə Türkiyədə aparılan rəy sorğularında əhalinin 70 faizi Avropa İttifaqına üzvlüyünə müsbət baxırdısa, indi bu rəqəm 20 faiz civarındadır. Politoloqa görə, bu da türk cəmiyyətinin Avropa İttifaqından üz döndərməsi anlamına gəlir. "Ərdoğan hardasa haqlıdır. Çünki Avropa İttifaqı xristian klubuna bənzəməyə başlayıb. Avropa İttifaqı deyirdi ki, guya Türkiyə bəzi şərtləri yerinə yetirməlidir. Amma Türkiyənin başı üzərindən son müddətdə Şərqi Avropa, Baltikyanı ölkələr Avropa İttifaqına üzv oldular. Türkiyəyə vizaların ortadan qaldırılması ilə bağlı vəd edirdilər, buna kimi Latın Amerikası ölkələri ilə bu məsələni həll etdilər. Yəni əslində kriteriyalar Avropa İttifaqının bəhanəsidir. Sadəcə, Türkiyəni Avropa İttifaqında görmək istəmirlər və hər dəfə şərtlər irəli sürürlər. Çünki Türkiyə böyük potensiala malik ölkədir. Türkiyə Avropa İttifaqında olsa, bundan həmin ölkələr qorxacaq. Bundan başqa, Avropa İttifaqının iki lokomativ ölkəsinin - Fransa və Almaniyanın Türkiyəyə münasibəti mənfidir”.