ATƏT-in üzvü olan digər dövlətlər də konkret mövqe ortaya qoymur

Əli Orucov: "Münaqişənin həllində qadınların görüşünün hansısa rol oynaya biləcəyini düşünmək absurd yanaşmadır"

"Bunu İsveç rəsmiləri də bilməmiş deyil"

İsveç tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini asanlaşdırmaq məqsədilə Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünü təşkil etmək təşəbbüsünü irəli sürüb. Bu təşəbbüslə İsveçin Azərbaycanda səfərdə olmuş XİN başçısı Marqot Vallström çıxış edib.

İlkin qeyri-formal görüşün hər iki tərəfin qadınları arasında keçirilməsi təklif olunub. Bunu birgə mətbuat konfransında Azərbaycan və İsveç XİN rəhbərləri Elmar Məmmədyarov və Marqot Vallström bildirib.

Ümumən buna müsbət prizmadan yanaşan E.Məmmədyarov qeyd edib ki, münaqişənin tənzimlənməsi qaçqınların geri qayıtmasını nəzərdə tutur: "Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi azərbaycanlı qaçqınların öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Ona görə də insanların yaxınlaşması ilə bağlı təşəbbüsləri dəstəkləyirik".

M.Vallström də öz növbəsində bildirib ki, İsveç Ermənistan və Azərbaycan arasındakı münaqişənin tənzimlənməsi prosesində aktiv rol oynamağa hazırdır: "Biz Minsk Qrupu çərçivəsində danışıqların aktivləşməsini dəstəkləyirik. Geniş formatda Minsk Qrupunun çağırılmasına ehtiyac olarsa, İsveç burada iştiraka hazırdır".

O həmçinin bildirib ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyü prinsipinə, həmçinin, xalqların öz müqəddəratını həlletmə prinsipinə əsaslanmalıdır.

Münaqişənin həllinin bu qədər uzanmasının kökündə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir. Çünki faktiki olaraq Ermənistan Azərbaycan ərazilərini işğal edib. Münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunun 20 ildən çoxdur sərgilədiyi uğursuz vasitəçilik missiyası da göz qabağındadır. Münaqişə başlayandan prezidentlər səviyyəsində 50 dəfədən çox görüş keçirilib. Prezidentlər və digər səviyyədə keçirilən görüşlər münaqişənin həllinə gətirib çıxarmayıbsa, qadınlar arasında görüşün keçirilməsinə nə ehtiyac var?

Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, İsveç XİN başçısının qaldırdığı təşəbbüs tamamilə yersiz təklifdir: "Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsi qadınlar səviyyəsində həll olunan məsələ deyil. İki tərəfi təmsil edən qadın nümayəndələrinin görüşü nə indi, nə də bundan sonra münaqişənin həllinə əsla töhfə verə bilməz. Bunu İsveç rəsmiləri də bilməmiş deyil. Münaqişənin həlli işğalçı tərəfin açıq şəkildə göstərilməsindən və qınanmasından keçir ki, təəssüflər olsun, biz bunu görmürük. Həmsədr dövlətlər qərəzli mövqe tutmaqla yanaşı, ATƏT-in üzvü olan digər dövlətlər də konkret mövqe ortaya qoymur. O cümlədən İsveç tərəfi də mücərrəd təşəbbüslərlə çıxış edir. Necə ki, bəzən oxşar fikirləri digər avropalı rəsmilərdən də eşidirik.

Bax əsas problem bundan ibarətdir. Belə ki, uzun illərdir biz bunu müşahidə edirik. Münaqişənin həllində qadınların görüşünün hansısa rol oynaya biləcəyini düşünmək absurd yanaşmadır. İndiki dövrdə bu onların həll edə biləcəyi məsələ deyil. İndiki şəraitdə vəziyyət göz qabağındadır. Ona görə də yaxşı olardı ki, İsveç xarici işlər naziri daha optimal həll variantı təşəbbüsü ilə çıxış etsin".

Vidadi ORDAHALLI