ATU-da nadir və mürəkkəb şiş əməliyyatı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Ağız-üz və çənə cərrahiyyəsi şöbəsinin müdiri tibb elmləri namizədi, Dr. Məhəmməd Davudov növbəti uğurlu əməliyyatına imza atıb. Əməliyyat nəticəsində xəstə karotid xemodektomalardan azad edilib.

Əməliyyat haqqında məlumat verən Məhəmməd Davudov qeyd edib ki, karotid hemodektomalar (paraqanqliomalar) - karotid cismində yerləşən hemoreseptorlardan inkişaf edən şişlər olub, baş-boyun nahiyyəsinin nadir rast gəlinən mürəkkəb patologiyalarından biridir.

"Bu tip şişlərin nadir hallarda rast gəlinməsi və bu barədə məlumatın az olması 70% hallarda səhv kliniki diaqnozun qoyulmasına səbəb olur. Çox hallarda hemodektomalar boynun yan kistası, limfadenit və digər patologiyalarla səhv salınır”.

Mütəxəssis bildirib ki, hazırda karotid hemodektomaların müalicəsndə əsas müalicə metodu cərrahi metod hesab edilir. Lakin şişin daxili və xarici yuxu arteriyaları ilə sıx təmasda yerləşməsi, cərrahi müdaxilənin mürəkkəb və yüksək riskli olmasına səbəb olur. Şişin bəzi yerləşmələrində isə, daxili və xarici yuxu arteriyalarının hissəvi rezeksiyası və damar rekonstruktiv əməliyyatların aparılması lazım gəlir.

Beləliklə, anatomik yerləşmə variantlarının və topoqrafik xüsusiyyətlərinin müxtəlifliyinə, vahid cərrahi taktikanın mövcud olmamasına görə, bu tip patologiyalara yanaşma aktuallıq kəsb edir.

Qeyd edək ki, xəstə M. A. boynun sol tərəfində şişkinlik, baş ağrıları və baş gicəllənmə, udqunmanın və tənəffüsün çətinləşməsi şikayətləri ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. 35 yaşlı xəstədə 5 il əvvəl boynun sol tərəfində kiçik ölçülü pulsasiya edən törəmə olub. Aparılan 3 D rekonstruksiyalı KT müayinəsi göstərib ki, şiş həm daxili həm də xarici yuxu arteriyasını əhatə edir.

M.Davudovun sözlərinə görə, xəstənin qardaşında da 5 il əvvəl eyni xəstəlik müşahidə olunub, lakin onda şişin ölçüsü daha böyük olub: "Xəstəmizin qardaşı xarici ölkə klinikasında əməliyyat olunub. Lakin o, əməliyyatın 3-cü günündə qanaxma və beyin qan dövranının kəskin çatışmazlığı səbəbindən dünyasını dəyişib. Bu da hemadektomaların irsi xəstəlik olmasına dair mülahizələri sübut edir. Belə hallara ümumiyyətlə dünya təcrübəsində az rast gəlinir. Bu ailə faciəsi xəstəmizi 5 il gözləməyə vadar edib. Nəticədə şiş böyüyərək böyük ölçülərə çatıb və xəstənin həyatına real təhlükə yaradıb. Biz klinikamızda xəstəni hərtərəfli müayinə etdik, 3D rekonstruksiyalı KT müayinəsi, kontrast KT müayinəsi apardıq və nəticədə cərrahi əməliyyata qərar verdik. Əməliyyatın uğurla icra olunduğunu demək lazımdır. Şiş toxuması tam şəkildə çıxarıldı. Xəstə 3 gün müddətində stasionar müalicədən sonra fəsadsız evə yazıldı”. M.Davudov qeyd edir ki, əməliyyatın uğurlu keçməsində əməliyyat blokunun və xüsusilə anestezioloji briqadanın yüksək fəaliyyəti danılmazdır.