Avrasiya İttifaqında təmsil olunan dövlətlərin hamısında avtoritar rejimlər höküm sürür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Sputnik” agentliyinə açıqlamasında Azərbaycan və Avrasiya İttifaqı ilə bağlı məsələ ilə əlaqədar maraqlı fikirlər səsləndirib.Belə ki, XİN rəhbəri Azərbaycanın Avrasiya İttifaqına üzv olmasını istisna etmədiyini bildirib.

"Heç zaman heç zaman demə” söyləyən E.Məmmədyarovun bu açıqlaması elə ilk andan ciddi müzakirələrə səbəb olub.

Azərbaycanın Avrasiya İttifaqına üzv olmasının mümkünlüyü ilə bağlı səslənən fikirlər nədən xəbər verir? Həqiqətənmi Avrasiya İttifaqında təmsilçilik ölkəmizin maraqlarına xidmət edir? Yoxsa E.Məmmədyarovun bu açıqlaması Rusiyanın ölkəmizə yönəlik təzyiqlərinin nəticəsidir?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucovsa hesab edir ki, Azərbaycanın Avrasiya İttifaqına üzv olması onun bu vaxta kimi əldə etdiyi bütün uğurların üzərindən xətt çəkməsi demək olacaq:

"Azərbaycan iqtidarının ən böyük xarici siyasətindəki uğursuzluğu onun sistemli, konseptul və aydın siyasət yürütməməsidir. Xarici siyasət daxili siyasəti tamamlamaqla yanaşı, həm də dinamik və çevik olmalıdır. Çünki dövrün tələbləri və sürətlə dəyişən dünya bunu tələb edir.

Azərbaycanın Qərbdən üz döndərib Rusiyaya meyllənməsinin bir sıra səbəbləri var. Bunları subyektiv və obyektiv səbəblər olaraq iki qrupa bölmək olar. Dağlıq Qarabağ probleminin həll olunmaması, Qərbin işğal faktoruna və fundamental hüquqlara ikili yanaşması, eləcə də

ehtiyatlı siyasət yürütməsi rəsmi Bakını məcbur edir ki, Rusiya təhlükəsindən qorunmaq üçün müəyyən addımlar atsın

Subyektiv səbəblərə gəlincə isə bu, idarəçiliklə bağlıdır. Yəni Azərbaycan iqtidarı ölkəni Qərb dəyərləri ilə deyil, sərt və qeyri-demokratik üsullarala idarə etməyə üstünlük verir. Avrasiya İttifaqında təmsil olunan dövlətlərin hamısında avtoritar rejimlər höküm sürür. Azərbaycanın isə həmin dövlətlərlə yan-yanaşı durması, bir ittifaqda təmsilçiliyi müsbət mənada heç nə vəd etmir. Bu ittifaqın varlığı da şübhə altındadır. Əlaqələrin genişləndirilməsi, ticari-iqtisadi münsibətlərin qurulması nornaldır. Lakin bu ittifaqa daxil olmaq Azərbaycanın sahib olduğu və əldə etdiyi az-çox uğurların üzərindən xətt çəkmək olardı”.