Avtobuslar başdan-ayağa xəstəlik mənbəyidir

“Omikron”un dominant ştamm halına gəldiyi Cənubi Afrika Respublikasında əldə edilən məlumatlar onun özünəməxsus simptoma malik olduğunu təsdiqləyir.

Bildirilir ki, “Omikron”a yoluxmuş xəstələrdə bel və boğaz ağrısı eyni zamanda əmələ gəlir. Bununla yanaşı, “Delta” ştammı diaqnozu qoyulanlarla müqayisədə onların xəstəxanalara düşmə ehtimalı 23% azdır.

Qeyd edək ki, müvafiq araşdırma çərçivəsində 78 minə yaxın xəstənin məlumatları tətqiq olunub. Ştammların fərqli simptomlarla təzahür etməsi fonundakı məsələlər ciddi narahatlıq doğurur və günü-gündən yeni əlamətlərin yaranması artıq əhali qrupları arasında təşvişə səbəb olur.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Tibb Universitetinin müəllimi, farmokoloq Aydın Əliyev deyib ki, COVID infeksiyası ilk başlayanda yoluxan şəxsdə boğaz ağrısı, burun axması, halsızlıq, qoxu və dadbilmənin itməsi müşahidə olunurdu:

"Sonra ayrı-ayrı ölkələrin həkimləri ağciyərdə müxtəlif proseslərin törətdiyini dedi, həmçinin virusun qanın laxtalanması, böyrəklərdə problemlər yaratdığı da deyildi. O demək deyil ki, virus ancaq bir yeri zədələyir. Təpədən-dırnağa bütün sistemlərimiz bir yerdə işləyir. Ona görə hər hansı zədə olduqda belə, bütün bədənimiz həmin zədəyə qarşı müqavimət göstərmək üçün hərəkətə gəlir. Virus hər patoloji hal törədəndə bütün orqanizm dözüm göstərir. Kimin orqanında patologiya varsa, üzə çıxır. Dünya alimləri digər ştammlarla müqayisədə “Omikron”un daha sürətlə yayıldığını deyirlər. Amma əlamətlər bütün ştammlarda təqribən eynidir".

Həkim bildirib ki, əgər sözügedən xəstəlik yalnız bir yeri zədələsəydi, virusu müalicə etmək asan olardı:

“Hətta xəstəliklərin əlamətlərini tam bilmək mümkün olsaydı, dünyadakı bütün xəstəlikləri müalicə etmək mümkün olardı. Dünyada sərhədlərin yüz faiz qapanması halı yoxdur. Sadəcə sanitar- gigiyenik qaydaları qorumaq lazımdır".

Aydın Əliyev bildirib ki, avtobuslar başdan-ayağa xəstəlik mənbəyidir: "Nə qədər maskasız adamlar var. Yoxlasanız, birinin cibində spirt yoxdur. Hələlik peyvənddən başqa çıxış yolumuz yoxdur".Cebhe.info