"Azərbaycanda və Azərbaycandan kənarda Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının boykot edilməsi çağırışlarını düzgün hesab etmirəm. Əvvəla, idmanı siyasətdən kənar tutmaq lazımdır. İdman sülh və dostluqdur, həmçinin geniş əlaqələrin qurulması üçün bir vasitədir, sağlam rəqbətdir, mübarizədir".Bu fikirləri Strateq.az-a açıqlamasında AMİP Siyası Şürasının üzvü Əli Oruclu deyib.
Onun sözlərinə görə, müharibə vəziyyətində olan Azərbaycanın bu imkandan yararlanması xeyrimizədir:
"Müharibə vəziyyətində olan Azərbaycanın bu imkandan yararlanması xeyrimizədir. Beynəlxalq aləmdə dostumuz və müttəfiqlərimiz nə qədər çox olarasa, özümüzü nə qədər yaxş tanıdaraq, təbliğ etsək mövqelərimiz bir o qədər güclü olar. Doğrudur, ölkədə həlli vacib kifayət qədər problemlər var. Siysi baxışlarına görə həbsdə yatan vətəndaşlarımzın tezliklə azadlığa buraxılması hamımızın arzusudur. Amma bu faktorlardan siyasi alət və şantaj vasitəsi kimi istifadə, yaxud da şərt qoşulması qəbuledilən deyil.
Məncə, Azərbaycan hakimiyyəti də, inadkarlıq etməməli, humanistliyini Oyunlarqabağı dünyaya göstərməlidir. Bu həm ölkəyə təzyiq yolu qapayar, həm də ictimai-siyasi ovaqatı yaxşıya doğru dəyişdirərdi.
1-ci Avropa Oyunlarına hazırlıq işləri və təşkilati baxımdan da qüsurların olması təbiidir. Çünki belə böyük miqyaslı beynəlxalq tədbir ölkəmizdə ilk dəfə keçirilir. Bu idman oyunlarının özü də ilkdir. Lakin oyunlar başa çatandan sonra yol verilən qüsurlar, bu oyunlardan sui-istifadə edərək soyğunçuluq və talançılıq edənlər, dövlət büdcəsini dağıdanlar, mənimsəməyə yol verənlər, öz şəxsi çıxarlarını təmin edənlər mütləq cəzalarını almalıdırlar. Heç kəsə sirr deyil ki, bəzən elə tündünü çıxarıb, elə əndazəni aşıblar ki, xalqda bu mühüm tədbirə qarşı antipatiya hissləri baş qaldırıb. Halbuki Bakı da daxil bütün ölkə sakinləri bu yarışlardan zövq almalı, istirahət etməli, günlərini daha mənalı keçirməli, dövlətimiz isə bundan mənfəət götürməlidir. Oyunların başlamasına isə sayılı günlər qalıb. Bu oyunlar həm də milli birliyimizə, bütövlüyümüzə və həmrəyliyimizə bir vəsilə ola bilər. Belə bir fürsət və imkan bir daha ələ düşməz. Yararlanmaq lazımdır."