Əli Orucov: "Ona görə reaksiya vermədilər ki, həmsədrlər praktiki olaraq münaqişənin həllində maraqlı deyil"
"ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının özü formal xarakterlidir"
2015-ci
ildə İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri
arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baş tutan görüş
formal xarakter daşıyıb.
Məlum olduğu kimi, bunu Prezident
İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında bildirib: "Azərbaycan bundan sonra da regionda
sabitləşdirici rol oynayacaq. Risqlərin azaldılmasına çalışacaq. Ötən il
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir irəliləyiş
olmayıb. Prezidentlərin son görüşü də formal xarakter daşıyıb. Bunun da
səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu mümkün
qədər saxlamaq istəyir. İşğal edilmiş torpaqlardan çəkilmək istəmir və
danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir. Vaxt uzatmaqla
məşğuldur və danışıqları gələcəkdə də sonsuz bir proses kimi görmək
istəyir".
İlham Əliyev Azərbaycanın mövqeyinin isə fərqli
olduğunu diqqətə çatdırıb: "Bizim isə mövqeyimiz tam fərqlidir. Biz
münaqişənin həllini istəyirik. Minsk Qrupunun həmsədrləri də dəfələrlə
bildiriblər ki, onlar da münaqişənin həllini istəyirlər. Onların
vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, bu istiqamətdə
işğalçıya heç bir ciddi təzyiq göstərilmir".
İlham Əliyev,
həmçinin, 2015-ci ildə Azərbaycanın təmas xəttində üstünlüyə yiyələnərək
öz iradəsini diqtə etdiyini, ölkəmizin bundan sonra da döyüş
potensialını gücləndirəcəyini vurğulayıb.
Ölkənin birinci
şəxsi tərəfindən danışıqlarda heç bir irəliləyişin olmamasının bəyan
olunması ali səviyyədə verilən rəsmi açıqlamadır. Ancaq maraqlıdır ki,
danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu
həmsədrləri indiyədək buna heç bir reaksiya verməyib. Hazırkı vəziyyətin
hansı tərəfin məsuliyyəti üzündən yarandığına münasibət bildirilməyib.
Halbuki, məlum açıqlama danışıqların dalana dirəndiyini göstərən ciddi
məlumatdır.
Maraqlıdır, həmsədrlər Azərbaycan Prezidentinin real və açıq qiymətləndirməsinə niyə reaksiya vermir?
Məsələyə
münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bunu bir sıra
amillərlə əlaqələndirdi: "Ona görə reaksiya vermədilər ki, həmsədrlər
praktiki olaraq münaqişənin həllində maraqlı deyil. Onlar yaxşı bilir
ki, aparılan danışıqların heç bir nəticəsi yoxdur və yaxın perspektivdə
danışıqlarda hansısa irəliləyiş gözlənilmir. Bununla yanaşı, ATƏT-in
Minsk Qrupunun vasitəçilik missiyasının özü formal xarakterlidir. Belə
olan halda, hansı reaksiyadan danışmaq olar?! Həmsədrlərin münaqişənin
tənzimlənməsi ilə bağlı səyləri səmimi olsaydı, o zaman onlar konkret və
real addımlar atardılar. İşğalçı tərəflə, işğala məruz qalan tərəfə
fərq qoyardılar. Bunu etmədikləri və yaxud da bu həvəsdə olmadıqları
üçün danışıqlarda irəliləyişin olmamasının onlar üçün heç bir əhəmiyyəti
yoxdur. Onların yeganə bir istəyi var, o da müharibənin yenidən
alovlanmaması. Əsl istəkləri isə Azərbaycanın işğal faktını qəbul
etməsidir. Sadəcə bunu açıq deyə bilmirlər. Belə olmasaydı, onlar
Prezidentin məlum açıqlamasına dərhal reaksiya verərdilər. Ən azından
vasitəçilik səylərinin nəticə verməməsindən narahat olub özlərində
mənəvi məsuliyyət hiss edərdilər. Ona görə də Azərbaycan münaqişənin
həlli ilə bağlı alternativ variantlar üzərində düşünməlidir".
Vidadi ORDAHALLI