Azərbaycan xalqını sülhə hazırlamağa ehtiyac yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti ilə Vyanada keçirdiyi ilk rəsmi görüşdən cəmi 3 saat sonra müdafiə naziri David Tonoyanın verdiyi "yeni ərazilərin işğalı üçün yeni müharibə” açıqlamasında və Tonoyanın bu bəyanatını dəstəkləməsində sülhlə nizamlanma üçün heç bir ziddiyyət görmür.

Erməni KİV-i xəbər verir ki, bu barədə Paşinyan Strasburqa səfəri çərçivəsində Avropa Şurasının baş katibi T.Yaqlandla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

İrəvanda olarkən Azərbaycana qarşı müharibə çağırışı edən və destruktiv bəyantları ilə Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasına kölgə salan Paşinyan Strasburqda özünü avropalılara "sülhpərvər” imicdə göstərməyə çalışıb. Bu mənada, o, fikirlərində bir qədər dəyişiklik edib: "Səslənən ifadələr, sadəcə, mövcud vəziyyətin şərhidir. Ermənistan tərəfinin yeganə təklifi bir-birimizə qarşı güc tətbiqi ilə müraciət etməyi dayandırmaqdır. Biz Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə təhdid dilindən istifadəni dayandırmalıyıq. Və bizim məqsədimiz cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamaqdır. Əgər biz bunu etsək, onda bizdə tamam fərqli vəziyyət olacaq”.

Halbuki, bundan əvvəl Paşinyan tamamilə fərqli fikirlər səsləndirmişdi. Demişdi ki, Tonoyan başqa cür açıqlama səsləndirsəydi, onu işdən azad edərdi: "Əgər Tonoyan başqa bir şey desəydi, mən onu müdafiə naziri postundan istefaya göndərərdim. Hələlik problem həll olunmayıbsa, bir dövlət və xalq kimi vəziyyətin istənilən inkişafına hazır olmalıyıq”. Tonoyanın bu bəyanatının onunla razılaşdırılıb-razılaşdırılmaması sualına cavab verən Paşinyan onu da qeyd etmişdi ki, müdafiə naziri birbaşa olaraq baş nazirin tabeliyindədir.

Bu ziddiyyətli açıqlamalar bir daha Paşinyanın riyakarlığını, sülh danışıqlarında səmimi olmamasını göstərir. O, bu minvalla, özünü sülhpərvər dövlət başçısı kimi Avropaya təqdim etməklə, əslində, münaqişənin həllini uzatmağa çalışır.

Bütün hallarda, Paşinyanın bu riyakarlığını ekspertlər necə dəyərləndirirlər?

Əli Orucov: "Paşinyanın fikirləri onun bu qurum qarşısında özünü rəzil duruma salmaqdan başqa bir şey deyil”

Sözügedən məsələni "Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, bununla Paşinyan beynəlxalq qurumları aldatmaq, Ermənistanın işğalçılıq siyasətini malalamaq istəyir: "Ermənistanın baş naziri Paşinyanın tez-tez fikirlərini dəyişməsi, dediyi sözlərdən imtina etməsi birinci dəfə deyil baş verir. Son da olmayacaq. Onun təzadlı yanaşmaları onu göstərir ki, Paşinyanın sistemli siyasət yürütmək imkanları da yoxdur. Yəni yalançının yaddaşı olmadığı kimi, erməni baş naziri həm daxili, həm də xarici faktorlar gülünc hala salıb. O bundan əvvəl də hakimiyyətinin ilk dönəmlərində populistcəsinə bəyanatlar verirdi. Deyirdi Ermənistan danışıqlar prosesindən çıxacaq və separatçı rejim tərəf kimi sülh prosesinə qatılmalıdır. Yaxud KTMT ilə bağlı bir qədər hədə-qorxu və şantaj ruhlu çıxışlar etdi, Moskvanı hədələməyə qalxdı. Ancaq həmin bəyanatlar hava ilə doldurulmuş şar kimi bir andaca partladı. Səsini də bircə Paşinyan eşidə bildi. Bu gün belə iddialı bəyanatlar verən Paşinyan həm KTMT-də diqtə olunanları icra etməkdədir, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı davam edən sülh prosesində iştirak etməkdədir. Göründüyü kimi, Ermənistan müstəqil olmadığından, müstəqil siyasət yeritmək, dediyinin üzərində durmaq iqtidarında deyil. Paşinyan Strasburqa səfəri çərçivəsində Avropa Şurasının baş katibi T.Yaqlandla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında riyakar açıqlamalar verdi. Bununla belə, Paşinyanın fikirləri onun bu qurum qarşısında özünü rəzil duruma salmaqdan başqa bir şey deyil. Bu təkcə Paşinyanlıq məsələ deyil. Ümumilkdə, ermənilər özlərinin böyük güclər qarşısında həmişə əsl yırtıcı sımalarını gizlətməyə çalışırlar. Özlərini yazıq, əzabkeş, sülhpərvər, mədəni xalq kimi tanıtmağa çalışırlar. Doğrudur, bu xüsusiyyətlər onlara müəyyən uğurlar gətirib, amma həmişə bu uğurlar onları gözükölgəli və başıqapazlı edib. Təbii ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maneçilik törədir və destruktiv mövqe nümayiş etdirir. Ona görə buna son qoyulmalıdır. Tərəflərin sülhə hazırlanması kimi mücərrəd yanaşmalar ermənilərin xeyrinədır. Azərbaycan xalqını sülhə hazırlamağa ehtiyac yoxdur”