Azərbaycanın xarici siyasəti çoxvektorlu və çevik, mütəhərrik olmalıdır

Fransanın sədrlik etdiyi AB ədalətli və nəticəli fəaliyyət göstərə biləcəkmi...

Ötən həftə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin arasında videoformatda görüş keçirilib. Azərbaycan və Ermənistan liderləri bu illər ərzində müxtəlif görüşlər keçiriblər. Ancaq videoformat əsasında ilk dəfədir görüş baş tutub.

Format olduqca maraqlıdır. Fransa Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsçüsü, vasitəçisi kimi çıxış edir. Görüşlə bağlı rəsmi xəbərdən başqa ortada olan müzakirələr, ictimailəşməyən fikir mübadiləsi nədir, nə ola bilər?  Makron təşəbbüskarlığı ələ almağa çalışır? 

Yada salaq ki, Avropa Birliyinin təşəbbüsü ilə 2021-ci il dekabrın 14-də Brüsseldə İlham Əliyevlə Paşinyan arasında görüş olub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu görüşü tədbirin lap əvvəlində xatırladıb.

Rəsmi xəbərdə deyilir: “... Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı”.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.

Azərbaycanla Ermənistan arasında sülh prosesi Rusiyanın və Avropa Birliyinin müdaxiləsi, vasitəçiliyi ilə aparılır. Bu, danışıqlara zərər verir, yoxsa prosesin xeyrinədir?

Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində özünün,  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb: "Əsas diqqət də  humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi kimi aktual məsələlərə yönəlib. Təbii ki, bu görüşdə Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha qəti şəkildə ortaya qoyaraq Ermənistanın hələ də əməkdaşlıq üçün hazır olmadığını, vacib, əhəmiyyət kəsb edən məsələlərdən yayındığını, xüsusən də birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə soydaşımızın taleyinə aydınlıq gətirilməsində, işğal olunmuş ərazilərin mina xəritələrinin verilməsindən boyun qaçırmasını xüsusi olaraq vurğulayıb. Müzakirələrin videoformatda keçirilməsi həm də pandemiyanın yeni dalğasının vüsət alması ilə əlaqəli də ola bilər. Lakin Rusiya-Qərb qarşıdurması fonunda Fransanın Cənubi Qafqaz regionunda fəallaşması əslində bu dövlətin öz nüfuz dairəsini və təsir imkanlarını gücləndirməyə hesablanıb. Fransa hər vəchlə çalışır ki, davamlı olaraq müdafiə etdiyi Ermənistanı düşdüyü ağır durumdan çıxarması üçün rəsmi Bakıdan güzəştlər qopara bilsin. Fransa keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olan və vasitəlik missiyasını həyata keçirən Minsk Qrupunun 3 həmsədrindən biri olmasına baxmayaraq, heç vaxt  neytral mövqedə olmayıb. Hətta 44 günlük müharibə zamanı rəsmi Parisin Azərbaycana qarşı sərt və beynəlxalq hüquq normalarını pozan addımlarının da şahidi olduq. 26 noyabr 2020-ci ildə isə bir qədər də uzağa gedərək Fransa parlamenti “Dağlıq Qarabağ”ın “müstəqilliyinin” tanınması barədə  hökumətə çağırışla bağlı “sənəd” qəbul etdi. Rəsmi Parisin qeyri-konstruktiv,  təxribatçı və təhrikçi mövqeyi və atdığı addımları az qala Fransa-Azərbaycan əlaqələrinin qırılma nöqtəsinə gətirib çıxarmışdı. Bütün bu olub-keçənləri bir daha analizdən keçirərkən belə qənaət hasil olunur ki, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın əldə olunmasına Fransanın töhfəsi o zaman təsirli ola bilər ki, Ermənistanı birtərəfli qaydada dəstəkləməkdən vaz keçsin və mövcud reallığı düzgün dəyərləndirə bilsin". 

Ekspert qeyd etdi ki, Avropa üçün də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunması, kommunikasiyaların bərpası önəmlidir. Bu həm də Qərbin enerji təhlükəsizliyinin şaxələndirilməsi və Rusiya təsirinin azaldılması baxımından da vacibdir: “Azərbaycanla münasibətlərin inkişafı Avropaya lazımdır. Avropa İttifaqının sədrliyi Fransadadır və bu məsuliyyət daha çox başda Makron olmaqla, bu dövlətin siyasətçilərinin və yetkililərinin üzərinə düşür.  Avropa Birliyi ötən il dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyev və baş nazir Paşinyan arasında keçirilən görüşdə də öz vasitəçiliyini və köməyini təklif etmişdi. Amma bu vasitəçiliyin konturları müəyyən deyil. Görünən odur ki, ATƏT-in Minsk Qrupunu yenidən dövrəyə soxmaq istəyi var ortada. Avropa İttifaqının postmünaqişə dövründə Azərbaycana işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, kommunikasiya və  infrastrukturun bərpası, quruculuq bərpa, yenidən qurma işlərində və təhlükəsizlik məsələlərində dəstəyi dəyə bilər və bu çox vacibdir. Eyni zamanda Ermənstanın təxribatçı və revanşist qüvvələrini zərərsizləşdirə, yeni münaqişə ocaqlarının yaradılmasına imkan verilməsinin qarşısının alınmasına nail ola bilər. Nəzərə almaq lazımdır ki, Rusiyaya arxayın olmaq və bütün prosesi Moskvanın tam ixtiyarına buraxmaq bizim üçün arzuolunan deyil. Çünki Rusiya Cənubi Qafqazda davamlı və uzunmüddətli normallaşmaya heç vaxt maraq göstərməyib və bundan sonra  da çalışacaq ki, ara-sıra təəxribatlarla vəziyyəti öz diqtəsi altında və gərginlikdə saxlasın. Odur ki, Azərbaycanın xarici siyasəti çoxvektorlu və çevik, mütəhərrik olmalıdır”.“Yeni Müsavat”

Millət