Bəzən Departament bir söz deyir, Senat və Konqres isə başqa

Elşən Mustafayev: "Girovlarla bağlı məsələdə Ermənistana qarşı beynəlxalq kampaniya aparıla bilər"

"Onların əlində Ermənistanı yola gətirmək üçün çoxlu sayda vasitə var"

Məlumdur ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Onlarla birlikdə olan digər Azərbaycan vətəndaşı, Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənov isə güllələnərək öldürülüb.

H.Həsənovun meyiti düşmən tərəfdən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm" çıxarıb.

ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik vasitəsilə Dağlıq Qarabağ separatçılarına iki azərbaycanlı girovun qaytarılması ilə bağlı çağırış etdiyini bir daha təsdiqləyib. Dövlət Departamentinin sözçüsü Cen Psaki Ermənistan xarici işlər naziri Edvard Nalbadyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin girovların geri qaytarılması ilə bağlı müraciət etmədikləri ilə bağlı açıqlamasına belə münasibət bildirib: "Mən bu çağırışı burada mətbuat konfransında etmişəm. Bu isə Dövlət Departamentinin, həmçinin bütün yüksək çinli şəxslərin mövqeyini əks etdirir".

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb. "Bundan əvvəl biz ABŞ-ın Minsk Qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycana qaytarılmasını dəstəkləmişik. Ümumilikdə, keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılması məsələsində yollar tapıblar, bu kimi hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib", - deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Dağlıq Qarabağdakı separatçı rejim isə C. Psakinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı çağırışına məhəl qoymayacağını açıqlayıb. Öz növbəsində Ermənistan xarici işlər naziri Edvard Nalbadyan ATƏT-in Minsk Qrupunun heç bir həmsədrindən belə bir çağırış almadığını deyib.

Göründüyü kimi, istər Ermənistan, istərsə də separatçı rejim ABŞ-ın dövlət səviyyəsində etdiyi çağırışları açıq-aşkar qulaqardına vurur.

Bu amilin ABŞ-Ermənistan münasibətlərinə nə kimi mənfi təsiri ola bilər?

Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, ABŞ Dövlət Departamentinin belə bəyanatla çıxış etməsi sevindirici haldır: "İş burasındadır ki, Minsk Qrupu həmsədrlərinin hörməti qalmayıb. İlk olaraq bu bəyanatı ABŞ-lı həmsədr səsləndirdi. Təbiidir ki, onun rezonansı Departament səviyyəsində səsləndirilənlə bir ola bilməz. Ancaq fikir versək görərik ki, ABŞ siyasətində bir palitra yoxdur. Bəzən Departament bir söz deyir, Senat və Konqres isə başqa. Yəni dövlətin konkret olaraq hansısa dövlətlə münasibətlərini korlaması ABŞ üçün bir qurum səviyyəsində müəyyən olunmur. Burada ABŞ-da olan güclü erməni diasporu məsələsi də nəzərə alınır. Bütün bunlara rəğmən, Azərbaycan tərəfi üçün bu, gözəl şans yaradır. Girovların azad edilməsilə bağlı ümidləri artırmış olur. Ermənistanın çox mötəbər qurumların qətnamələrini yerinə yetirməməsilə bağlı kifayət qədər faktlar var. Ancaq onlara konkret təzyiq edilmir. ABŞ və Qərb ölkələri bu məsələdə hansısa dövlətin tərəzidə ağır gəlməsini istəmir. Bir növ balans qoruyurlar. Girovlarla bağlı məsələdə isə Ermənistana qarşı beynəlxalq kampaniya aparıla bilər. Əlaqədar qurumlara, beynəlxalq təşkilatlara ABŞ tərəfindən göstəriş verilə bilər. Sirr deyil ki, həmin təşkilatların ABŞ-la gözəl münasibətləri var. Əksər hallarda isə onların yönətilməsi həmin ölkədən aparılır. Hesab edirəm ki, ABŞ istəsə, bu məsələdə ciddi nəticə əldə edə bilər. Onların əlində Ermənistanı yola gətirmək üçün çoxlu sayda vasitə var".

Məhəmmədəli QƏRİBLİ