Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ötən ilin dekabrında Milli Məclisin boş qalmış deputat yerlərinə təkrar seçkilər keçiriləcəyinə işarə etmişdi. Sədrin sözlərinə görə, Milli Məclisdə təmsilçisi olmayan dairələrə seçkilərin keçirilməsi yaxın vaxtlarda baş tuta bilər.
Yanvarın 20-də isə jurnalistlərə açıqlamasında M.Pənahov həmin dairələrə seçkiləri keçirilib-keçirilməyəcəyi barədə suala cavabında deyib ki, qərar veriləndə seçkilərin keçirilməsinin şahidi olacaqsınız. Seçkinin keçirilməsi barədə qərarı isə ölkə Prezidenti verməlidir. Məlum olduğu kimi hələ ki, belə bir qərar elan olunmayıb.
Qeyd edək ki, hazırda 6 seçki dairəsinin Milli Məclisdə təmsilçisi yoxdur və parlament 119 deputatla fəaliyyət göstərir. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan, 116 saylı Qəbələ və 55 saylı Xaçmaz şəhər seçki dairələridir. Maraqlıdır ki, seçkilərlə bağlı qərar olmasa da, bəzi partiyalar təkrar seçkilərdə iştirak üçün hazırlıqlar başlayıblar.
AMİP funksioneri Əli Orucova görə, parlamentə boş qalan yerlərə çoxdan seçkilər keçirilməli idi: “İndiyədək boş qalan dairələrdən Milli Məclisə təmsilçiliyin olmaması həm də on minlərlə seçicinin hüquqlarının kobud surətdə pozulması deməkdir. Halbuki icra hakimiyyəti orqanlarında boş qalan yerlərə təyinatı bu qədər gecikdirməzdilər. Biz ümumiyyətlə parlamentin buraxılmasının və yeni parlamentin azad və demokratik şəraitdə formalaşdırılmasının tərəfdarıyıq. Boş qalan dairələr üzrə seçkilərin keçiriləcəyi və nə vaxt keçiriləcəyi məlum deyil. Rəsmi ortada heç nə yoxdur. Ona görə də bu məsələni partiyada müzakirə etməyin də mənası yoxdur. Nə vaxt rəsmi qərar verilərsə dəyərləndirilər. Mən hesab etmirəm ki, parlamentə gələcəkdə mandat qazana biləcək 6 nəfər parlamentin keyfiyyətinə və iş qabiliyyətinə hansısa müsbət təsir göstərə biləcək. Bu, ayrıca müzakirə olunmalı məsələdir. Biz hesab edirik ki, Milli Məclis üzvlərinin sayı artırılmalı, ən azı 151 nəfər olmalıdır. Azərbaycanda əhalinin sayı 7 milyon olanda da 125 deputat var idi, indi 10 milyon əhali var, yenə də Milli Məclisdə 125 deputat yeri var. Biz həmçinin hesab edirik ki, ölkədə proposrional seçki sistemi bərpa edilməlidir”.“Yeni Müsavat”