Bu qətnamə Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi işlədilən ilk qərar deyil

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları ForumuAvropa Parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamə ilə bağlı bəyanat qəbul edib. "Millət"ə daxil olan həmin bəyanatda deyilir:Avropa Parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qərəzli qətnamə Azərbaycan qeyri-hökumət təşkilatları tərəfindən narazılıqla qarşılanmış, vətəndaş cəmiyyəti qurumları arasında ciddi etiraz və təəssüf hissi doğurmuşdur.

Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan buqurumun belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Bu qətnamənin qəbul edilməsinin Avropa Birliyi və Türkiyə dövlətlərarası münasibətlərlə bərabər Avropa-Azərbaycan əlaqələrinə də xələl gətirəcəyi şübhə doğurmur. Çünki Ermənistanın bütün bəşəriyyətin gözü qarşısında, zaman baxımından daha yaxın olan 26 fevral 1992-ci ildə törətdiyi Xocalı soyqırımı, eləcə də torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar Azərbaycan Respublikası adından edilmiş müraciətlərə indiyədək Avropa Birliyi ölkələri nə ayrı-ayrılıqda, nə də mövcud Avropa strukturları çərçivəsində ciddi reaksiya göstərib. İşğal edilmiş torpaqlarından 1 milyonadək qaçqın və köçkün əhalini qəbul etmiş Azərbaycana qarşı ədalətsiz münasibət, təəssüflər olsun ki, bu gün də davam edir.Guya 1915-ci ildə baş vermiş erməni soyqırımın   " 24 apreldə ümumavropa hüzn günü kimi qeyd edilməsi haqqında qətnamə Avropa Parlamentinin ikili standartlar və islamofobiya mövqelərindən çıxış etdiyini bir daha bariz şəkildə göstərir.

Avropa Parlamentinin bu qətnaməsi Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi işlədilən ilk antiislami, antitürk və antiazərbaycan mahiyyətli qərar deyil. Azərbaycan qeyri-hökumət təşkilatları Avropa Parlamentini bu qərəzli və birtərəfli addımlardan çəkinməyə çağırmaqla bərabər diqqətə çatdırır ki, Azərbaycan və Türkiyə Avropa ölkələri ilə ədalətli, qarşılıqlı fayda verən əməkdaşlığı həmişə yüksək tutaraq, regionda sülhün və sabitliyin qorunmasına dəstək verir. Erməni qəsbkarlarının regiondakı türk-müsəlman əhaliyə qarşı törətdiyi qanlı aksiyaların bu gün də davam etməsi beynəlxalq sülhə, əməkdaşlığa və əmin-amanlığa təhdid kimi dəyərləndirlmək əvəzinə Avropa Parlamenti kimi nüfuzlu qurumlar tərəfindən himayə edilməməlidir.

Sıralarında 652 QHT-ni birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Avropa Parlamentinin qondarma erməni soyqırımı haqqındaqəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını türk, müsəlman ölkələrinə qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırır".