Bu torpaq, bu vətən və bu millət üçün əlimizdən gələni bundan sonra da əsirgəməyəcəyik

"Millət.az” saytının 16 may 2016-ci il tarixli buraxılışında "Əfqanıstan veteranları müharibənin hər üzünü görüb” başlıqı yazı verilib. Əfqanıstan Veteranları İctimai Birliyinin Ağstafa Filialının sədri Mirzahid Hacıyev əməkdaşımızla söhbətində təmsil olunduğu qurumun fəaliyyəti ilə bağlı danışarkən onu da bildirib ki, "Ancaq son zamanlar deyəsən bəzi qüvvələri, ya da kimlərisə Əfqan Veteranlarının bu cür fəaliyyəti qıcıqlandırır. Xüsusən də, Azərbaycan Veteranlar Təşkilatına sədrlik edən general Dadaş Rzayevin müavini Cəlil Xəlilovun heç xoşuna gəlməyir. "...General D.Rzayevə hörmətim var. Ancaq məhz onun müavininin təlimatları ilə Aydın Vəliyev və Arif Əsgərov hərəkətə keçərək bir qrup Əfqan veteranı adından dövlət başçısı və digər qurumlara müraciət ünvanlayaraq Əfqanıstan Veteranları İB-nin Müharibə Veteranları Təşkilatına birləşdirməyi tələb edirlər.”

"Millət.az” saytında gedən həmin fikirlərə kəskin etirazını bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəmil Xəlilov bizimlə telefon əlaqəsi saxlayarkən bunların həqiqəti əks etdirmədiyini və təxribat xarakter daşıdığını deyib: "Əfqanıstan Veteranları Təşkilatı ayrı təşkilatdı. Haqqımızda orda deyilənlər də bizim uğurlu fəaliyyətimizə kölgə salmaq cəhdidir. Sıralarımızda yüz minlərlə veteranı birləşdirən təşkilatımız öz üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirir. Kimlərin nə deməsindən asılı olmayaraq biz veteranlar bu torpaq, bu vətən və bu millət üçün əlimizdən gələni bundan sonra da əsirgəməyəcəyik”