Bu gün çağdaş Azərbaycan tarixinin ən əlamətdar, ən mötəbər və ən şərəfli günüdür. Digər ənənəvi, yaxud da sonradan bayram kimi qəbul etdiyimiz bayramlar da məhz bu gün səbəbindən təntənəyə və hörmətə minib. Sovet İmperiyasının yasaqları bayramlarımızın da dadını-duzunu qaçırmışdı. Doğrudur, artıq neçə illərdir ki, 18 Oktyabr Azərbaycanın dövlət müstəqilliyi günü kimi kutladığımız bu günə ögey və qısqanc münasibət sərgilənir. Lakin kimliyindən və tutduğu mövqeyindən asılı olmayaraq bu gün üçün hamıya təbrik payı düşür.
Dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımız Azərbaycan dövlətinın müstəqilliyi və dalğalanan üç rəngli, ay ulduzlu bayrağına qürurla baxırlar.
18 Oktyabra gedən yol heç də hamar olmadı. Bu yol, bu mücadilə 1920-ci ilin 28 aprelindən başladı. Açıq-gizli savaş, mübarizə 70 il sürdü. Qanlı terror, işgəncələr, sürgünlər, qorxu, repressiyalar Azərbaycan xalqının müstəqillik və azadlıq istəklərini sındıra bilmədi. Milyonlarla soydaşımızın döyünən ürəyi parça-parça olsa da, yanan ocaqlar söndürülsə də, yurd-yuvalar dağıdılsa da, Sibir çöllərində bədənlər buz bağlasa da bu müqəddəs ideya həmişəyaşar qaldı, nəsildən nəsilə, qandan-qana, ruhdan-ruha keçdi. Daha da mətinləşdi, daha da sərtləşdi, daha da kütləviləşdi.
Ötən
əsrin 80-ci illərin sonlarından geniş vüsət alan xalq hərəkatı və xaqlın ortaya
qoyduğu yekdil iradə, bəşəriyyəti də
heyrətə gətirdi. Adı gələndə canlarına vəlvələ düşən, qorxudan əsim-əsim əsdirən
SSRİ kimi bir imperiyda kiçik bir ərazi və 7 milyonluq bir xalq impreyanın
içində imperiyaya meydan oxudu.
Bu meydan sonradan xalqımızı Azadlığına və Müstəqilliyinə qovuşduracaq Azadlıq meydanına çevrildi. Bu meydan milyonlarla soydaşımızın hisslərinin və hirslərinin yumruq halında düşmənə və düşmən kəsilənlərə qarşı tuşlanmış həm qəzəb seli, həm də özünütəsdiq hayqırtılarının ərşə ucaldığı bir məkan oldu. Simvollaşdı. Bu meydan həm də ona görə simvollaşdı ki, həmin meydan xalqın meydanı oldu. Meydana toplaşanlar da xalq oldu, onlara müraciət edən liderlər də xalqın içindən çıxan xalqın Liderləri oldu. Etibar Məmmədov və Əbülfəz Elçibəy kimi...
Böhtan
və ləkə yaxmağa, müstəqilliyimizı və bizi bu müstəqilliyimizə təkrar qovuşduran
hərəkatı dəyərdən salmağa cəhd edənlər də oldu. Ona görə ki, həmin vaxtlar belələri
xalqla deyil, ya xalqın qarşısında olublar, ya da xalqdan uzaqlarda. Amma 18
Oktyabar elə möhtəşəm, elə böyük bir tarixdir ki, xırdalıqlar, cılızlıqlar
görünməz olur.
18 Oktyabr bütün Azərbaycan xalqınındır. Bu günü Azərbaycan xalqına bayram kimi ərmağan edənlərə, xüsusən də, Xalq Hərəkatını Milli Azadlıq Hərakatına çevirən, "demokratiyadan müstəqilliyə deyil, müstəqillikdən demokratiyaya tezisini irəli sürən” və bunu qalib edən Etibar Məmmədov cənablarına təşəkkür və minnətədarlıq borcumuzu mütləq bildirməliyik.
Bayramımız və bayramınız mübarək!