Dairə Seçki Komissiyasının üzvləri istefaya hazırlaşırlar

Bələdiyyə seçkilərinin birinci mərhələsinin yekunlaşmasına çox az vaxt qalıb. Namzədlərin irəli sürülməsi və toplanmış imza vərəqələrinin təhvil verilməsi müddəti sabah başa çatır. Hakimiyyətin və MSK sədri Məzhir Pənahovun seçkilərin demokratik və azad keçiriləcəyi barədə verdikləri vədlər ilkin mərhələdə özünü doğrultsa da, lakin buna qarşı çıxan da tapılıb.

Belə ki, etibarlı mənbədən aldığımız məlumata görə, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsində sözün əsil mənasında özbaşınalıq, qanunsuzluq və haqsızlıqdır. Dairənin "qanunlarına” görə bələdiyyəyə iddianı ancaq hakim partiyanın üzvləri ortaya qoya bilər. Onun da hamısı yox. Müxlifətçilər isə bir qayda olaraq arzuolunmaz sayılırlar. Dairə sədri, hətta, o qədər tündünü çıxarıb ki, Dairə Seçki Komissiyyasının müxalifəti təmsil edən 2 üzvü bu haqsızlığa və ədalətsizliyə dözməyərək, komissiyadan istefa vermək istəyindədirlər.

Mənbə bildirib ki, həmin komissiya üzvləri öz istefalarını yaxın vaxtlarda Mətbuat Konfransı keçirərək elan edəcəklər. Dairə Seçki Komissiyasının üzvlərindən sonra bir neçə məntəqə seçki komissiyalırında da müxalifəti təmsil edənlər komissiyanın işində iştirakdan imtina edəcəklər. Bu isə o anlamı verəcək ki, 96 saylı DSK Sovet dönəmində kommunistlərdən təşkil olunduğu kimi təkcə YAP-çılardan ibarət olacaq. Bu isə həmin dairədə seçki keçirilmədiyi anlamını verəcək.

Məsələni diqqətdə saxayacaq və araşdırmamızı davam etdirəcəyik.