Davudoğlu qəzəbləndi

Türkiyənin baş naziri Əhməd Davudoğlu Təhlükəsizlik Zirvəsinin iclasından sonra açıqlama verib.  Türkiyə KİV-ləri xəbər verir ki, baş nazir ölkədə yaşanan siyasi gərginliyə münasibət bildirib.

Əhməd Davudoğlu bildirib ki, iğtişaşlar zamanı 368 nəfər həbs olunub: "Təəssüf ki, hadisələrdə 19 vətəndaşımızı itirdik. 145 yaralı var. Bu vaxta 368 nəfər qədər həbs olunub”.

Hökumət başçısı Suriyanın Kobani şəhəri uğrunda İŞİD terroçu qruplaşması ilə PYD (PKK-nın Suriya qanadı) arasında gedən döyüşlərin Türkiyədə qarşıdurma ilə nəticələnməsini vandalizm adlandırıb. "Kimsə ölkə xaricində yaşanan acı hadisələri Türkiyə daxilindəki bir məsələ kimi əks etdirməklə xalqı təhdid etmək cürətini göstərə bilməz. Biz Kobaniyə bağrımızı açdıq. Onlar bu vandalizmi həyata keçirən şiddətə meylli insanlara sığınmadılar. Kobanidə kürdlərə edilən zülmə etiraz edərək Türkiyədəki kürdlərə təzyiq etmək hansı məntiqə sığır?”,-deyə Əhməd Davudoğlu bildirib.

Qeyd edək ki, İŞİD terrorçuları ilə kürd yaraqlıları arasında Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhəri uğrunda şiddətli döyüşlər gedir. Türkiyədə yaşayan kürdlərin isə Suriyadakı soydaşlarına dəstək məqsədi ilə keçirdiyi aksiyalar iğtişaşlarla müşayiət olunub.