Demokratik düşərgə dialoqa həmişə hazırdır

Son hadisələr milli birliyi möhkəmlətmək zərurətini ortaya çıxarıb

Azərbaycanın daxil olduğu regionda geosiyasi vəziyyət getdikcə gərginləşir. Belə bir vəziyyətdə isə ölkənin daxilində son zamanlar gərginlik yaratma meyllərinin baş qaldırdığı müşahidə edilir. Gəncə hadisələrindən sonra belə bir durumda milli həmrəyliyin, siyasi qüvvələr arasında əməkdaşlığın, iqtidarla siyasi partiyaların münasibətlərində konstruktiv əməkdaşlıq mühitinin olmasının vacibliyi bir daha bəlli oldu.

Konstruktiv münasibətlərin qurulması üçünsə ilk növbədə siyasi qüvvələr arasında dialoq mühiti ilkin şərtdir. Bir neçə il öncə reallaşdırılan və bir müddət davam edən hakimiyyətlə siyasi partiyaların dialoqu prosesi bu baxımdan müsbət nümunə və təcrübə hesab edilir.

Siyasi ekspertlər hesab edir ki, hazırkı dönəmdə belə bir prosesin yenidən başlanmasına ehtiyac var.

Müxalifət partiyalarında dialoqa başlanmasının vaxtının çatdığını düşünürlər.

AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, analiz etsək görərik ki, həqiqətən də Azərbaycan indi çox həssas və təhlükəli dönəmlər yaşamaqdadır. Belə qarışıq və anlaşılmaz məqamlarda atılmalı olan ilk addım hakimiyyətin öz xalqı və müxalifəti ilə birgə göstərəcəyi birlik duruşu olmalıdır: "Yəni iqtidar bu hadisələri törədən qüvvələrə qarşı Azərbaycanda dövlətçilik naminə milli barışıq və milli birlik olduğunu nümayiş etdirməlidir. Bunun üçün də ilk növbədə geniş müxalifət və ictimaiyyət sektorunun təmsil olunduğu dəyirmi masa təşkil olunmalıdır. Azərbaycanda baş verənlər açıq və şəffaf formada müzakirə masasına yatırılmalı və obyektiv müzakirə olunmalıdır. Bu müzakirələrdən çıxacaq olan nəticələrə əsasən də dövlətdə təcili və təxirəsalınmaz islahatlar aparılmalıdır. Bu islahatlar ilk növbədə siyasi və iqtisadi sektoru əhatə etməlidir. Belə olacağı təqdirdə dövlətimiz bu təlatümlü zamandan itkisiz çıxacaq. Həmçinin gələcəkdə də belə təlatümlərin yaşanmasının qarşısını almış olacaq. Unutmayaq ki, iqtidarın müxalifəti nəzərə almadığı hər bir ölkə kənardan törədiləcək istənilən təxribatlara açıq ölkə olur. Dialoq, islahat, milli barışıq və inkişaf ölkəni xaosdan, təxribatlardan immunitetli ölkə halına gətirir”.

ADP sədrinin müavini Taliyət Əliyev də bildirdi ki, cəmiyyətdə siyasi qüvvələr arasında dialoqa hər zaman ehtiyac var. Amma bu dialoq imitasiya xarakteri daşımamalı, mövcud olan problemlərin həllinə kömək etməlidir: "Ümumiyyətlə, cari ayda baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanda vəziyyəti gərginləşdirməkdə maraqlı olan qüvvələr məqam gözləyir. Bu qüvvələr kimdir, niyə yaranıb, nə etmək istəyirlər və niyə etmək istəyirlər sualına cavab axtaranda görürük ki, bunun motivində təkcə Azərbaycanı sevməyən xarici qüvvələr durmur. Həm də yerlərdəki idarəçilikdə mövcud olan problemlər və yerlərdə idarəçilikdən əziyyət çəkən insanların narazılıqları durur. Hesab edirəm ki, hakimiyyət təmsilçiləri də, müxalifət də son baş verən hadisələri analiz edərək düzgün nəticə çıxarmalı, atılan hər bir addımda yalnız xalqın və dövlətin maraqları da nəzərə alınmalıdır. Əks halda, heç kim zəmanət verə bilməz ki, ölkədə bu tipli xoşagəlməz hadisələr bir daha baş verməyəcək. Bunun üçün təkcə hüquq müstəvisində atılan addımlar yetərli deyil. Siyasi müstəvidə də ciddi addımlar atılmalıdır. Ölkədə siyasi mühitin yumşaldılması, siyasi azadlıqların bərpa edilməsi, ölkədə vətəndaş sülhünə nail olunması və iqtidar-müxalifət münasibətlərinin sivil bir müstəviyə daşınması istiqamətində addımlar atılmalıdır”.

AMİP katibi Əli Orucov isə dedi ki, bu günə kimi iqtidar-müxalifət görüşləri keçirilib. İndi isə iqtidar-müxalifət dialoquna ciddi ehtiyac var: "Son hadisələr hər birimiz üçün ciddi xəbərdarlıqdır. Ölkədə gərginlik və təhlükəli vəziyyət yaratmaq istəyənlər var. Artıq silahlar danışmağa başlayıb. Fərqi yoxdur, bunun uzantıları xaricdə olsun, yaxud hansısa radikal dini təmayüllü qruplaşlamalara gedib çıxsın. Ən qorxuncu odur ki, cəmiyyətdə terroru, terroristi rəğbətlə qarşılama meyllərinin də şahidi olduq. Bu və ya digər mühüm səbəbləri nəzərə alaraq hesab edirəm ki, iqtidar-müxalifət dialoqu mütləq keçirilməlidir. Uzağa getməyək, Türkiyə təcrübəsi göstərir ki, iqtidarlı müxalifətli xalq, millət və cəmiyyət bir yerdə olmasa taleyüklü və çətin problemləri həll etmək, xüsusən də milli təhlükəsizliyi indiki qarışıq dünyamızda qorumaq mümkün deyil. Demokratik düşərgə dialoqa həmişə hazırdır. Qalır iqtidarın atacağı addım”.

Etibar SEYİDAĞA,